Maaşını kartla alanların NƏZƏRİNƏ - 2027-ci il aprelin 1-dən...

İşçilər maaş kartı üçün bankı özləri seçəcəklər – Yeni qayda nə vaxt qüvvəyə minir?

Azərbaycanda əməkhaqqı alan işçilərə maaşlarını əldə edəcəkləri bankı özlərinin seçməsi imkanı yaradılacaq. Yeni mexanizmin 2027-ci il aprelin 1-dən tətbiqi nəzərdə tutulur.

Bu barədə deputat Vüqar Bayramov əmək qanunvericiliyində planlaşdırılan yenilikləri şərh edərkən məlumat verib.

Onun sözlərinə görə, hazırda əməkhaqqı kartları əsasən işəgötürənlərin əməkdaşlıq etdiyi banklar vasitəsilə təqdim olunur. Lakin bu bankların tarifləri hər zaman işçilər üçün əlverişli olmur. Bəzi hallarda vətəndaşın yaşadığı və ya çalışdığı ərazidə həmin bankın filialı və bankomatı da olmur.

Yeni mexanizm bu məhdudiyyətləri aradan qaldırmağa yönəlib.

Deputat bildirib ki, Mərkəzi Bank bununla bağlı elektron sistem hazırlayır. Vətəndaşlar həmin sistemə daxil olaraq əməkhaqlarını almaq istədikləri bankı seçə biləcəklər:

"Məsələn, işçi hazırda bir bankın əməkhaqqı kartından istifadə edirsə, gələcəkdə başqa bankı seçərək maaşının həmin bankdakı hesabına köçürülməsini təmin edə biləcək.

Bu prosesdə işəgötürənin seçilmiş banka müdaxilə etmək imkanı olmayacaq. İşəgötürən əməkhaqqını hesablayaraq elektron sistemə ötürəcək, sistem isə vəsaiti işçinin seçdiyi banka yönləndirəcək".

Deputat bankı sonradan dəyişməyin də mümkün olacağını bildirib:

"Bununla belə, bank seçimindən tez-tez istifadə edilməməsi üçün müəyyən tariflərin tətbiqi məsələsinin nəzərdən keçirildiyini qeyd edib. Yeni qayda işçilərə bank xidmətlərini öz ehtiyaclarına uyğun seçmək və əməkhaqlarını daha rahat əldə etmək imkanı verəcək".