Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib.
AZƏRTAC-a istinadən, söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilinin ötən il ölkəmizə səfəri və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlandı, bütün bunların ikitərəfli əlaqələrimizin inkişafına töhfə verdiyi qeyd olundu.
Qonaq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Baş nazir İrakli Kobaxidzeyə çatdırmağı xahiş etdi.
Görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etməsindən məmnunluq bildirildi.
Azərbaycanla Gürcüstanın birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin daha geniş region üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulandı.
Söhbət zamanı müxtəlifsəviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında roluna toxunuldu, ticarət dövriyyəsinin artırılması, bağlantılar, enerji, sərmayələr və digər istiqamətlərdə əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.