Prezident İlham Əliyev Milli Məclisin oktyabrın 27-də qəbul etdiyi kommersiya daşımalarını həyata keçirən təyyarələrin ekipajının iş və istirahət vaxtının yenidən tənzimlənməsini təsdiqləyib.
Bununla bağlı Əmək Məcəlləsində və “Aviasiya haqqında” qanunda dəyişikliklər edilib.
Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, gündəlik normal iş vaxtı 8, həftəlik normal iş vaxtı isə 40 saatdan çox ola bilməz. Məcəllənin 93-cü maddəsi və Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli qərarı ilə uçuş və uçuş təlimatçı heyəti üçün həftəlik iş vaxtı 36 saat müəyyən edilib. Məcəllənin 95-97-ci maddələrinə görə cəmlənmiş uçot tətbiq edildikdə gündəlik iş vaxtı 12 saatdan, gecə vaxtına düşdükdə isə 11 saatdan çox ola bilməz.
Bu məhdudiyyətlər 13-14 saat davam edən Nyu-York, Seul və digər uzaq istiqamətlərdə uçuşlar həyata keçirilməsini qeyri-mümkün, iqtisadi baxımdan səmərəsiz edir, onların rəqabət qabiliyyətini zəiflədir. Layihədə ümumi iş saatı limitləri hava gəmisi heyətinin yorğunluğunun idarə edilməsi (fatigue management) sahəsində beynəlxalq standartlara uyğunlaşma nəzərdə tutulub.