Rusiya jurnalist Katerina Qordeyevanı axtarışa verdi

Rusiya Daxili İşlər Nazirliyi jurnalist və “Skaji Qordeyevoy” (“Qordeyevaya danış”) “YouTube” kanalının aparıcısı Katerina Qordeyevanı axtarışa verib.

Bu barədə ASTRA məlumat yayıb.

“Mediazona” nəşrinin diqqətini çəkən məlumat Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasında yerləşdirilib.

2026-cı ilin avqustunda jurnalist barəsində hərbi mövzuda “saxta məlumatların yayılması” maddəsi ilə cinayət işi açıldığı məlum olub. Buna onun “Telegram” kanalında yayımladığı paylaşımlar səbəb olub.

Həmin vaxt Rusiya İstintaq Komitəsi Qordeyevanın axtarışa veriləcəyini də açıqlamışdı.

Qeyd edək ki, 2022-ci ildə jurnalist “xarici agentlər” reyestrinə daxil edilib. 2026-cı ilin yazında isə Mixail Zıqarla müsahibəsinə görə “LGBT təbliğatı” işi üzrə cərimələnib.