Türkiyə şirkəti “Kamp Nou”nun təmirini başa çatdıracaq

“Barselona” və Türkiyənin “Limak” tikinti şirkəti “Kamp Nou” stadionunun təmirini başa çatdırmaq barədə razılığa gəliblər. Layihənin son mərhələsi arenanın damının quraşdırılmasını əhatə edir.

“Mundo Deportivo”nun məlumatına görə, investorlar müqaviləni təsdiqləyiblər və klubun 19 sentyabrda keçirilən ümumi yığıncağında təsdiqlənmiş kredit artımını – 300 milyon avro köçürüblər.

İşlərin cari mövsümün bitməsindən dərhal sonra başlanması və 2027-28 mövsümünün ikinci yarısında başa çatdırılması gözlənilir. Layihə başa çatdıqdan sonra “Barselona” tribunanın hər üç mərtəbəsindən istifadə edə biləcək. Təmir işləri zamanı klub oyunları Olimpiya Stadionunda keçirməyi planlaşdırır.

Təmir olunmuş arena yeni mağaza, muzey və VIP zonalar vasitəsilə əlavə gəlir gətirməlidir. Stadionun Çempionlar Liqasının finalına ev sahibliyi edəcəyi 2028-29 mövsümündə tam tutuma çatması planlaşdırılır.