"2027-ci il dövlət büdcəsinin layihəsi dünyada gedən siyasi və iqtisadi proseslər fonunda ölkəmizin dayanıqlı inkişafına və əhalinin rifahının yüksəldilməsinə hesablanıb. Büdcə xərclərinin 18,7 milyard manatının, yəni 42,4 milyard manatlıq ümumi xərclərin təxminən 44 faizinin sosial istiqamətlərə ayrılması, sosial müdafiə, təhsil, səhiyyə və digər sahələrdə büdcə bölgüsünün dəqiq təsnifatı həmin sahələrin inkişafına verilən önəmi göstərir".
Bunu deputat Mehriban Vəliyeva Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
O qeyd edib ki, 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasının icrası bu il başa çatmaqdadır: “2027–2030-cu illər üzrə yeni strategiya və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanmaqdadır. Qarşıdakı mərhələdə Böyük Qayıdışın davam etdirilməsi ilə yanaşı, bölgələrdə iqtisadi-sosial sahənin və kommunal infrastrukturun əhalinin ehtiyaclarına uyğun inkişafı da xüsusi əhəmiyyət daşıyır.
Sənaye potensialı artdıqca Sumqayıt şəhərinin yaşayış infrastrukturu da bu inkişafa uyğun yenilənməlidir. Sumqayıtın 2030-cu ilədək inkişafına dair Baş planı təsdiqlənib. Bir sıra məhəllə və mikrorayonlarda köhnə yaşayış binalarının mərhələli şəkildə yenilənməsi planlaşdırılır. Yeni binalar layihələndirilərkən yolların və kommunal şəbəkələrin imkanları, məktəb və bağçalara tələbat da nəzərə alınmalıdır.
Sakinlərin çoxsaylı müraciətləri əsasında 29 mindən çox sakinin yaşadığı Yaşıl dərə massivinə diqqətinizi yönəltmək istərdim. Təxminən 550 hektar ərazidə, 4 210 fərdi evin yerləşdiyi massiv əhali tərəfindən salındığından kanalizasiya şəbəkəsi, yol və sosial infrastruktur planlaşdırılmayıb. Massivin yalnız 0,35 hektar sahəsi yaşıllıq zonasıdır. Bu da ekoloji problemlərə səbəb olur”.
Deputat bildirib ki, Sumqayıt şəhərinin kanalizasiya və yağış suları sisteminin yenidən qurulması üzrə təxminən 41,5 milyon manatlıq müqavilə çərçivəsində “Acı dərə” kanalının boruya alınması istiqamətində şəhərdə xeyli işlər görülüb: "Birinci mərhələdə Yaşıl dərə layihədə əhatə olunmayıb. İkinci mərhələdə kanalizasiya və yağış suları şəbəkəsinin qurulmasında Yaşıl dərənin də layihəyə salınması məqsədəmüvafiq olardı.
Bu il şəhər bələdiyyəsinin və icra hakimiyyətinin dəstəyi ilə massivin əsas yolunda və kiçik parkında abadlıq işləri görülüb. Kanalizasiya şəbəkəsinin qurulması və digər infrastruktur məsələlərinin həlli isə dövlət investisiyası tələb edir.
Massivin öz ərazisində məktəb yoxdur. Uşaqlar uzaq məsafə qət etməli olur və bu, ətraf məktəblərdə şagird sıxlığını artırır. Yaşıl dərədə uşaq bağçasına və ilkin tibbi yardım məntəqəsinə də ehtiyac var.
Sumqayıtın Baş planına uyğun olaraq Yaşıl dərənin sosial və kommunal infrastrukturunun inkişafı üçün mərhələli tədbirlər planının hazırlanmasını təklif edirəm. Bu çərçivədə kanalizasiya və yağış suları şəbəkəsinin çəkilişini yolların təmiri və küçələrin işıqlandırılması ilə əlaqələndirmək məqsədəuyğun olardı. Məktəb yaşlı uşaqların sayını, onların məktəbə getmək üçün qət etdiyi məsafəni və ətraf məktəblərdəki şagird sıxlığını nəzərə alaraq, massivdə yeni məktəbin tikintisini də plana daxil etməyi təklif edirəm.
Planda uşaq bağçası və ilkin tibbi yardım məntəqəsi üçün uyğun sahələrin müəyyənləşdirilməsini, eləcə də sakinlərin ticarət, ictimai iaşə və məişət xidmətlərinə çıxışının yaxşılaşdırılmasını nəzərdə tutmaq olar. 2027-ci ilin dövlət investisiya xərcləri planlaşdırılarkən bu işlər üzrə layihə-smeta sənədlərinin hazırlanması və ilkin işlərin görülməsi üçün vəsait ayrılması imkanına baxmağınızı xahiş edirəm”.