Qeyri-neft sektorunun payı artır - Məşğulluğa təsiri necə olacaq?

Azərbaycanda qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payının 2027-ci ildə rekord həddə çatacağı proqnozlaşdırılır. Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun açıqlamasına görə, gələn il qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda (ÜDM) payı 77 faizi ötəcək. Dövlət büdcəsinin gəlirlərində isə bu sektorun payının 60,6 faiz olacağı gözlənilir.

Qeyri-neft-qaz sektorunun böyüməsi yeni iş yerlərinin açılmasına və bəzi peşələrə tələbatın artmasına şərait yarada bilər. Bu dəyişikliklərin əməkhaqlarına təsiri isə artımın daha çox hansı sahələrdə baş verməsindən və həmin sahələrdə işçi qüvvəsinə tələbatın necə dəyişməsindən asılı olacaq.

Bəs qeyri-neft-qaz sektorunun böyüməsi vətəndaşların gəlirlərində necə əks oluna bilər?

İqtisadçı Günay Hüseynova Sfera.az-a açıqlamasında proqnozu iqtisadiyyatın şaxələndirilməsi baxımından müsbət göstərici kimi qiymətləndirib:

“Bu, ölkə iqtisadiyyatının neft-qaz gəlirlərindən asılılığının tədricən azalması, qeyri-neft sahələrinin inkişafı və yeni iqtisadi fəaliyyət istiqamətlərinin formalaşması deməkdir. Lakin burada əsas məsələ yalnız qeyri-neft sektorunun iqtisadiyyatda payının artması deyil, bu artımın əhalinin sosial rifahına və real gəlirlərinə nə dərəcədə təsir göstərməsidir.

Qeyri-neft sektorunun genişlənməsi əməkhaqlarının artması üçün mühüm iqtisadi zəmin yarada bilər. Xüsusilə sənaye, kənd təsərrüfatı, emal, tikinti, nəqliyyat, logistika, turizm və informasiya texnologiyaları sahələrində istehsalın və xidmətlərin həcminin artması yeni iş yerlərinin yaradılmasına, işçi qüvvəsinə tələbatın yüksəlməsinə və nəticə etibarilə əməkhaqlarının artmasına şərait yarada bilər. Bununla belə, iqtisadi artımın avtomatik olaraq maaş artımı ilə nəticələnəcəyini düşünmək düzgün olmazdı. Burada əmək məhsuldarlığının yüksəlməsi, müəssisələrin gəlirliliyinin artması və yaradılan əlavə dəyərin əməkhaqlarında əks olunması əsas şərtlərdir”.

İqtisadçı yeni iş yerlərinin hansı sahələrdə yaradılmasının da əhəmiyyət daşıdığını bildirib:

“Digər mühüm məqam qeyri-neft sektorunda yaradılan iş yerlərinin yüksək əlavə dəyərli və məhsuldar fəaliyyət sahələrini əhatə etməsidir. Əks halda, məşğulluğun artmasına baxmayaraq, əməkhaqlarında ciddi yüksəliş müşahidə olunmaya bilər. Eyni zamanda, peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması, ixtisaslı kadr hazırlığının gücləndirilməsi və əmək bazarında rəqabət qabiliyyətinin artırılması vacibdir”.

İqtisadçı sektorun inkişafının bölgələrdə də yeni gəlir imkanları yarada biləcəyini qeyd edib:

“Vətəndaşlar baxımından qeyri-neft sektorunun inkişafının əsas müsbət tərəfləri yeni iş imkanlarının yaranması, gəlir mənbələrinin şaxələnməsi, regionlarda məşğulluğun artması, sahibkarlıq fəaliyyətinin genişlənməsi və sosial rifahın yüksəlməsi ilə bağlıdır. Xüsusilə regionlarda emal sənayesinin, aqrar istehsalın və turizmin inkişafı əhalinin paytaxtdan asılı olmadan gəlir əldə etməsinə imkan verə bilər. Bu isə daxili miqrasiyanın azalmasına və iqtisadi imkanların bölgələr üzrə daha balanslı bölüşdürülməsinə töhfə verər”.

O, əməkhaqqı artımının alıcılıq qabiliyyətinə təsirində inflyasiyanın rolunu da vurğulayıb:

“Eyni zamanda, nominal əməkhaqlarının artması ilə yanaşı, real əməkhaqlarının yüksəlməsi də əsas hədəf olmalıdır. Çünki inflyasiya nəticəsində qiymətlər əməkhaqlarından daha sürətlə artarsa, vətəndaşların nominal gəlirləri yüksəlsə belə, onların alıcılıq qabiliyyəti artmaya və ya zəifləyə bilər.

Ümumilikdə, 2027-ci ildə qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payının 77 faizdən çox olacağı proqnozu müsbət tendensiyadır. Lakin iqtisadi inkişafın uğuru yalnız ÜDM-dəki pay göstəriciləri ilə deyil, bu artımın nə qədərinin yeni iş yerlərinə, yüksək əməkhaqlarına, sahibkarlıq gəlirlərinə və əhalinin real alıcılıq qabiliyyətinə çevrilməsi ilə ölçülməlidir. Əsas məqsəd iqtisadi artımı vətəndaşların gündəlik həyatında hiss olunan rifah artımına çevirmək olmalıdır”.