Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, Mərkəzi Bank (AMB) çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərini həm ayrı-ayrı maliyyə qurumları, həm də onların daxil olduğu maliyyə qrupları üzrə qiymətləndirəcək.

Noyabrın 17-də açıqlanan qanunla 48-1-ci maddə yeni redaksiyada verilib. Əvvəlki redaksiyada AMB-nin bu sahədə maliyyə institutlarına nəzarət funksiyası vardı. Yeni redaksiya həmin nəzarətin maliyyə qruplarına necə tətbiq ediləcəyini və risklərin hansı hallarda yenidən qiymətləndiriləcəyini müəyyən edir.

Nələr dəyişir?

Risklər mütəmadi qiymətləndiriləcək. Maliyyə qurumu yenidən təşkil olunarsa, son sahibi, fəaliyyət sahəsi, müştəri qrupu və ya fəaliyyət göstərdiyi coğrafiya dəyişərsə, AMB risklərə yenidən baxacaq. Eyni qayda əməliyyatların intensivliyi və ya məbləği əvvəlki təqvim ili ilə müqayisədə 40% və daha çox artdıqda da tətbiq ediləcək.

AMB qrupun fəaliyyətinə bütöv baxacaq. Məsələn, bank maliyyə qrupuna daxildirsə, AMB bu sahədə nəzarəti qrup səviyyəsində aparacaq. Qayda bankların, həyatın yığım sığortası ilə məşğul olan sığortaçıların, təkrarsığortaçıların, sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, eləcə də xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qruplarını əhatə edir.

Sənədlər yazılı sorğu ilə tələb oluna biləcək. AMB çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, eləcə də hədəfli maliyyə sanksiyaları üzrə nəzarət üçün maliyyə qurumundan və ya qrupdan sənəd və məlumat istəyə biləcək. Təqdimetmə müddəti sorğuda göstəriləcək. Nəzarətin tezliyi və intensivliyi isə qurumun riskləri, daxili nəzarət sistemi və ölkə üzrə müəyyən edilmiş risklər nəzərə alınmaqla seçiləcək.

Son 10 ildə Mərkəzi Bankın səlahiyyətləri necə dəyişib?

Banklara nəzarət 2016-cı ildə yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verildi. Palata 2019-cu ilin noyabrında ləğv olunduqda bank nəzarəti AMB-yə qaytarıldı. Palatanın sığorta və qiymətli kağızlar bazarı üzrə lisenziyalaşdırma və nəzarət, eləcə də investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması üzrə səlahiyyətləri də AMB-yə keçdi.

Maliyyə sabitliyinin təmin edilməsi AMB-nin məqsədlərindən biri kimi qanunda göstərildi. Riskə əsaslanan nəzarət, yerində yoxlama və yeni maliyyə xidmətlərinin xüsusi rejimdə sınaqdan keçirilməsi qanunla tənzimləndi. AMB ödəniş təşkilatlarına, elektron pul təşkilatlarına və ödəniş sistemi operatorlarına lisenziya vermək səlahiyyəti aldı. 2024-cü ildə dərc edilən dəyişikliklə çirkli pulların yuyulmasına qarşı nəzarət funksiyası AMB haqqında qanunun 48-1-ci maddəsində ayrıca göstərildi.

Qəbul edilən qanunlarla maliyyə lizinqi və kraudfandinq platformalarına nəzarət də AMB-yə həvalə edildi. AMB 25 dekabr 2026-cı ildən lizinq şirkətlərinin, 24 yanvar 2027-ci ildən isə kraudfandinq platforması operatorlarının reyestrini aparacaq və onların fəaliyyətinə nəzarət edəcək.

Kraudfandinq platforması bizneslərin layihələri üçün çox sayda investordan internet üzərindən vəsait topladığı saytdır. İnvestor qoyduğu vəsait müqabilində şirkətdə pay ala və ya biznesə borc verə bilər.