Son 8 ildə Azərbaycanda minimum əmək haqqı 3,1 dəfə artıb.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində vətəndaşların sosial rifahı davamlı olaraq yaxşılaşmış, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib:
"Dövlət və icmal büdcə layihələri gələn ildə öz sosial yönümlüyünü saxlayacaq, əhalinin sosial müdafiəsi və məşğulluq imkanlarının daha da gücləndirilməsi üçün ciddi maliyyə təminatı yaradacaq. Dövlət başçısının verdiyi tapşırığa uyğun olaraq, sayca 6-cı sosial islahat paketi ilə bağlı 2027-ci ilin dövlət və icmal büdcə layihələrində müvafiq maliyyə təminatı yaradılıb. Məlum olduğu kimi, son 8 ildə 4 milyon vətəndaşımızı əhatə edən 5 böyük sosial islahat tədbiri icra edilmiş və bu islahatların illik əlavə maliyyə tutumu 8 milyard manat təşkil edib".
"İslahatlar nəticəsində minimum əmək haqqı 3,1 dəfə, orta aylıq əmək haqqı 2,2 dəfə, minimum pensiya və orta pensiya 2,9 dəfə artıb. Sosial müavinət və təqaüd xərclərinin maliyyələşməsinə ayrılan vəsait isə 5 dəfə artıb. Əlavə olaraq, yaşayış minimumu 73 % artıb, ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ehtiyac meyarının həddi isə 2,3 dəfə yüksəlib. İslahatlar əmək bazarına da öz müsbət təsirini göstərib, 2018-ci ilin əvvəlinə nisbətən əmək müqavilələrinin sayı 597 min və yaxud 48 % artıb. Ölkə üzrə əməkhaqqı fondu 3,5 dəfə artaraq əhalinin rifah halının yaxşılaşdırılmasına təsir göstərib", - deyə nazir əlavə edib.