Pərvin Abıyevanın “2 saatlıq xəyanət”inə cavab: "Özünü qurban vermək olmaz"

Aktrisa Pərvin Abıyevanın “2 saatlıq xəyanətə görə ailənizi dağıtmayın” sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəziləri hesab edir ki, xəyanət edən tərəf məsuliyyətini qəbul edirsə və hər iki şəxs ailəni qorumaq istəyirsə, münasibətə ikinci şans vermək olar. Digərləri isə xəyanətin nə qədər davam etməsindən asılı olmayaraq, sarsılan etimadı bərpa etməyin çətin olduğunu düşünürlər.

Bəs ailəni qorumaq naminə xəyanəti bağışlamaq nə dərəcədə doğru qərardır? Xəyanətdən sonra tərəflərin bir-birinə yenidən güvənməsi üçün nə lazımdır?

Psixoloq Nizami Orucov Sfera.az-a açıqlamasında bildirib ki, xəyanətə münasibətdə hamı üçün keçərli olan vahid yanaşma yoxdur:

“Hər ailənin münasibət dinamikası, dəyərləri, tərəflərin bir-birinə bağlılığı və yaşanan hadisənin yaratdığı emosional təsir fərqlidir. Buna görə də bir insanın xəyanəti bağışlaması digərinin də eyni qərarı verməli olduğu anlamına gəlmir.

Ailəni qorumaq naminə xəyanəti bağışlamaq bəzi hallarda mümkün ola bilər. Ancaq burada vacib məqam ailəni qorumaqla insanın özünü və psixoloji sağlamlığını qurban verməsini qarışdırmamaqdır. Əgər insan yalnız boşanmaqdan, cəmiyyətin münasibətindən, maddi çətinliklərdən və ya tək qalmaqdan qorxduğu üçün xəyanəti qəbul edirsə, bu, həqiqi bağışlama olmaya bilər. Bağışlamaq insanın öz qərarı olmalıdır, təzyiq və məcburiyyət nəticəsində verilən qərar yox”.

O qeyd edib ki, xəyanət ailə münasibətlərinə ciddi təsir göstərə bilər:

“Çünki münasibətin əsas dayaqlarından biri etimaddır. Xəyanətdən sonra aldadılan tərəfdə qəzəb, məyusluq, özünü dəyərsiz hiss etmək, şübhə, güvənsizlik və davamlı narahatlıq yarana bilər. Bəzən insan hadisədən sonra özünü də sorğulamağa başlayır: “Məndə nə çatışmırdı?”, “Niyə belə oldu?” Bu düşüncələr onun özgüvəninə və emosional vəziyyətinə mənfi təsir göstərə bilər. Münasibətdə isə davamlı mübahisələr, emosional uzaqlaşma, nəzarət etmək istəyi və ünsiyyət problemləri meydana çıxa bilər”.

N.Orucov deyib ki, xəyanət baş verdikdən sonra münasibətin mütləq bitəcəyini də demək olmaz:

“Bəzi cütlüklər bu hadisədən sonra münasibətlərini yenidən qurmağa qərar verirlər. Bunun üçün xəyanət edən tərəfin məsuliyyəti qəbul etməsi, davranışını dəyişməyə hazır olması, dürüstlük göstərməsi və etimadın bərpası üçün zaman ayırması vacibdir. Sadəcə üzr istəmək və hadisəni unutmağı tələb etmək kifayət etmir. Etimad sözlə deyil, davamlı və ardıcıl davranışlarla bərpa olunur”.

Psixoloq xəyanətdən sonra münasibətlərini davam etdirmək üçün psixoloqa müraciət edən insanların olduğunu da vurğulayıb:

“Xəyanətdən sonra münasibətlərini davam etdirmək, yaşadıqları hadisəni anlamaq və bağışlamağın mümkün olub-olmadığını müəyyənləşdirmək üçün psixoloqa müraciət edən insanlar var. Bəzən müraciət edən şəxs xəyanətə məruz qalan tərəf olur, bəzən isə hər iki tərəf münasibəti qorumaq istəyir. Psixoloji dəstək prosesində insanın yaşadığı emosiyalar, ehtiyacları, sərhədləri və qərarları üzərində işlənilir. Cütlük terapiyasında isə hər iki tərəfin münasibətdəki mövqeyi, ünsiyyət problemləri və etimadın yenidən qurulmasının mümkünlüyü araşdırılır.

Burada psixoloqun vəzifəsi insanı mütləq bağışlamağa və ya ayrılmağa yönləndirmək deyil. Məqsəd onun öz hisslərini və ehtiyaclarını daha aydın anlamasına, təzyiq altında deyil, düşünülmüş qərar verməsinə kömək etməkdir.

Məncə, ən vacib məqam budur: ailəni qorumaq yalnız nikahı davam etdirmək demək deyil. Sağlam ailə münasibəti qarşılıqlı hörmət, etimad, sədaqət və emosional təhlükəsizlik üzərində qurulmalıdır. İnsan bağışlamağı seçə bilər, amma bu, yaşananları unutmağa və eyni davranışa yenidən dözməyə məcbur olduğu anlamına gəlmir. Bağışlamaq şəxsi seçimdir, münasibəti davam etdirmək isə hər iki tərəfin məsuliyyət tələb edən qərarıdır”.