Anar Əliyev: 2027-ci ildə sosial xərclərə 13 milyard manat ayrılacaq

“Son 8 ildə 4 milyon vətəndaşımızı əhatə edən 5 böyük sosial islahat zərfi icra edilmiş və bu islahatların illik əlavə maliyyə tutumu 8 milyard manat təşkil etmişdir”.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında dövlət sosial müdafiə fondunun və işsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında qanun layihələrinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Nazir pensiya məbləğinin ötən dövrlə müqayisədə 10,4% artdığını bildirib:

“Yaşa görə pensiyanın orta məbləği isə 10% artaraq 634 manat, orta aylıq əməkhaqqı 7,2% artaraq 1173 manata çatmış, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər isə 8,4% artaraq 1,9 milyard manat olmuşdur. Əmək pensiyalarının orta məbləğinin orta aylıq əməkhaqqına nisbəti (əvəzetmə əmsalı) 50,8%, yaşa görə pensiyada isə 54% təşkil etmişdir. Qeyd olunduğu kimi, 2027-ci ildə də dövlət və icmal büdcələr sosial yönümlüyünü saxlayacaqdır. Belə ki, 2027-ci ilin dövlət büdcəsində sosial xərclər 222,7milyon manat və ya 1,7% çox olmaqla 13,0 milyard manat (cari ildə artım – 9,2%), sosialyönümlü xərclərin isə 1,6 milyard manat və ya 9,2% çox olmaqla 18,7 milyard manat nəzərdə tutulur”.

A.Əliyev 2027-ci ilin dövlət büdcəsində sosial xərclərin tərkibində sosial müdafiə və sosial təminat xərclərinin 1 faiz artırılmasının nəzərdə tutulduğunu qeyd edib:

“Yəni 4 milyard 914 milyon manat həcmində olması proqnozlaşdırılır. Sosialyönümlü xərclərin növbəti ilin dövlət büdcəsindəki çəkisinin 44,2%-ə yüksələcəyi, ÜDM-də payının isə 13,3% olması gözlənilir (cari il 12,4%). ƏƏSMN-nin beynəlxalq metodologiya əsasında aparılmış hesablamalarına əsasən 2027-ci ilin icmal büdcə layihəsində sosial xərclərin məbləğinin 20,5 milyard manat olacağı və ÜDM-də payının isə 14,5% təşkil edəcəyi proqnozlaşdırılır”.