Milli Dirçəliş Günü xalqımızın azadlıq iradəsinin rəmzidir - Azər Qarayev

17 Noyabr - Milli Dirçəliş Günü Azərbaycan tarixinin ən mühüm hadisələrindən birinin ildönümüdür. Bu gün xalqımızın milli azadlıq arzularının açıq şəkildə ifadə olunduğu, müstəqil dövlətçilik ideyasının geniş ictimai dəstək qazandığı tarixi mərhələni xatırladır. Milli Dirçəliş Günü Azərbaycan xalqının milli kimliyinə, dövlətçilik ənənələrinə və azad yaşamaq istəyinə bağlılığının rəmzidir.

Bunu Trend-ə politoloq Azər Qarayev deyib.

"1980-ci illərin sonlarında Sovet İttifaqında baş verən siyasi və ictimai proseslər ittifaq respublikalarında milli hərəkatların güclənməsinə səbəb olmuşdu. Mərkəzi hakimiyyətin zəifləməsi, milli məsələlərin həllindəki ədalətsizliklər və xüsusilə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ölkəmizdə ciddi narazılıq doğururdu. Qarabağ ətrafında yaranan vəziyyət Azərbaycan cəmiyyətində milli həmrəyliyin və siyasi fəallığın artmasına təkan verirdi.

Bu hadisələr xalqın uzun illər ərzində formalaşan azadlıq istəyini daha da gücləndirdi. İnsanlar artıq öz talelərinin həllində söz sahibi olmaq, milli maraqlarını müdafiə etmək və ölkələrinin gələcəyini müstəqil şəkildə müəyyənləşdirmək istəyirdilər", - o bildirib.

Onun sözlərinə görə, 1988-ci il noyabrın 17-də Bakının o vaxtkı Lenin meydanında (indiki Azadlıq meydanı) minlərlə insanın iştirakı ilə kütləvi etiraz mitinqləri başladı. Topxana meşəsində ağacların kəsilməsi ilə bağlı yayılan məlumatlar, Qarabağda baş verən hadisələr və Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları xalqın səbrini daşıran əsas səbəblərdən oldu. İnsanlar respublikanın ərazi bütövlüyünün qorunmasını, milli hüquqların müdafiəsini və Sovet rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz siyasətinə son qoyulmasını tələb edirdilər.

"Meydan hərəkatının ən mühüm xüsusiyyətlərindən biri cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların vahid məqsəd ətrafında birləşməsi idi. Meydanda ziyalılar, tələbələr, fəhlələr, gənclər və müxtəlif peşə sahiblərinin nümayəndələri bir araya gəlmişdilər. Burada səslənən şüarlar zaman keçdikcə daha geniş məna kəsb edir, milli azadlıq, suverenlik və müstəqillik ideyaları ön plana çıxırdı.

Noyabrın 22-də Bakıya Sovet qoşunlarının böyük kontingenti yeridildi, şəhərdə komendant saatı tətbiq edildi. Lakin bütün təzyiqlərə baxmayaraq, insanlar meydanı tərk etmədilər. Kütləvi etiraz aksiyaları yalnız dekabrın 5-nə keçən gecə sovet hərbi qüvvələrinin müdaxiləsi ilə dağıdıldı. Bununla belə, hakimiyyət xalqın azadlıq düşüncəsini və müstəqillik istəyini susdura bilmədi. Əksinə, meydanda baş verənlər milli şüurun daha da güclənməsinə və azadlıq mübarizəsinin yeni mərhələyə keçməsinə səbəb oldu", - o bildirib.

A.Qarayev qeyd edib ki, 1988-ci ilin noyabrında başlanan xalq hərəkatı Azərbaycanın sonrakı siyasi tarixində mühüm rol oynadı. Bu proses milli özünüdərkin güclənməsinə, cəmiyyətdə dövlət müstəqilliyi ideyasının geniş yayılmasına və xalqın öz gələcəyinə sahib çıxmaq əzminin möhkəmlənməsinə şərait yaratdı.

"1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvan MSSR Ali Sovetinin sessiyası keçirildi. Sessiyada muxtar respublikanın adından "Sovet Sosialist" sözləri çıxarıldı, qurumun adı Naxçıvan Muxtar Respublikası Ali Məclisi olaraq dəyişdirildi. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi və onun bütün Azərbaycan ərazisində dövlət rəmzi kimi tanınması üçün Azərbaycan SSR Ali Sovetinə müraciət ünvanlandı. Bu addım milli dövlətçilik ənənələrinin bərpası istiqamətində mühüm siyasi hadisə idi

Nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Beləliklə, xalqımız uzun illər arzusunda olduğu müstəqil dövlətini yenidən qurmaq imkanı qazandı. 1988-ci ildə Azadlıq meydanında başlayan mübarizə müstəqilliyin bərpasına aparan tarixi yolun mühüm mərhələlərindən biri kimi yaddaşlara həkk olundu.

1992-ci il oktyabrın 27-də qəbul edilmiş qanunla noyabrın 17-si Milli Dirçəliş Günü elan edildi. Bu qərar həmin günün Azərbaycan xalqının tarixindəki xüsusi yerini və milli azadlıq mübarizəsindəki əhəmiyyətini rəsmiləşdirdi", - o bildirib.

Politoloq vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin bərpası xalqımız qarşısında yeni vəzifələr müəyyənləşdirdi.

"Ölkə sonrakı illərdə mürəkkəb siyasi, iqtisadi və hərbi sınaqlarla üzləşdi. Dövlət müstəqilliyinin qorunması, sabitliyin təmin edilməsi, iqtisadiyyatın gücləndirilməsi və milli maraqların beynəlxalq səviyyədə müdafiəsi əsas prioritetlərə çevrildi. Bu gün Azərbaycan müstəqil, suveren və beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqeyə malik dövlətdir. Ölkəmizin keçdiyi inkişaf yolu, əldə etdiyi nailiyyətlər və ərazi bütövlüyünün bərpası xalqımızın onilliklər əvvəl başladığı mübarizənin tarixi əhəmiyyətini bir daha nümayiş etdirir.

Milli Dirçəliş Gününün əsas mesajı isə zaman keçdikcə öz aktuallığını qoruyur: xalqın birliyi, milli həmrəylik və dövlətçilik iradəsi hər bir uğurun təməlində dayanır. 1988-ci ilin noyabrında Azadlıq meydanına toplaşan insanların arzusu azad və müstəqil Azərbaycanda yaşamaq idi. Bu gün həmin arzu reallığa çevrilib.

17 Noyabr həm də gələcək nəsillərə ötürülməli olan tarixi yaddaş günüdür. Çünki müstəqilliyin hansı çətinliklər və mübarizələr hesabına əldə edildiyini bilmək onun dəyərini daha dərindən anlamağa imkan verir. Milli Dirçəliş Günü Azərbaycan xalqının azadlıq əzminin, milli birliyinin və öz taleyini özü müəyyənləşdirmək iradəsinin əbədi rəmzidir", - A.Qarayev əlavə edib.