Bakı, 17 noyabr, AZƏRTACBu gün Bakı ilə London arasındakı əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Əgər münasibətlərin ilkin mərhələsində əsas prioritet Xəzər hövzəsinin enerji ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması idisə, hazırda iqtisadiyyatın şaxələndirilməsi, yaşıl enerji, investisiyalar, təhsil, texnologiya və regional nəqliyyat-kommunikasiya layihələri də gündəliyin mühüm istiqamətlərinə çevrilib. Bu yeni mərhələnin əsas xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan Böyük Britaniya üçün yalnız enerji tərəfdaşı deyil, Cənubi Qafqazda və daha geniş coğrafiyada mühüm iqtisadi, geosiyasi tərəfdaş kimi çıxış edir.Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sadiq Qurbanov deyib. Onun sözlərinə görə, münasibətlərin inkişafında mühüm dönüş nöqtəsi 2025-ci il olub. “Həmin ilin avqustunda Böyük Britaniyanın Avropa üzrə naziri Stiven Dautinin Bakıya səfəri zamanı ikitərəfli münasibətlərin Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi barədə razılaşma elan edilib. Bu prosesin ən mühüm nəticəsi isə cari il noyabrın 12-də Dublində Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində Böyük Britaniya və Azərbaycan arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi oldu. Sənəddə iqtisadi əməkdaşlıq, investisiyalar və ticarət mühüm yer tutur. Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 39 milyard dolları ötüb. İki ölkənin iqtisadi münasibətlərində ticarət dövriyyəsi də mühüm yer tutur. Böyük Britaniyanın Biznes və Ticarət Departamentinin hesabatına əsasən 2025-ci ilin aprelindən 2026-cı ilin martınadək ölkələr arasındakı ümumi ticarət dövriyyəsi 1,2 milyard funt sterlinq (təxminən 2,7 milyard manat) olub ki, bu da əvvəlki illə müqayisədə 31,2 faiz artım deməkdir”.S.Qurbanov vurğulayıb ki, Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsində nəqliyyat və logistika sahəsi xüsusi əhəmiyyət kəsb edir: “Xüsusilə Orta Dəhliz layihəsi Azərbaycanın beynəlxalq iqtisadi və geosiyasi mövqeyini gücləndirən əsas amillərdən biridir. Böyük Britaniyanın bu marşruta marağı təsadüfi deyil. Qlobal ticarət marşrutlarının dəyişdiyi, təchizat zəncirlərinin təhlükəsizliyinin ön plana çıxdığı bir şəraitdə Azərbaycan Avropa və Asiya arasında mühüm tranzit və logistika mərkəzi kimi çıxış edir. 2026-cı ildə keçirilən Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyasının 8-ci iclasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi əsas məsələlərdən biri olub. Azərbaycan tərəfinin açıqlamasına görə, 2025-ci ildə Azərbaycanla Böyük Britaniya arasında tranzit yükdaşımaların həcmi 14 faiz artıb. Nəticə etibarilə, Böyük Britaniya–Azərbaycan münasibətlərinin yeni dövrü ənənəvi enerji tərəfdaşlığından daha geniş strateji əməkdaşlıq modelinə keçidi ifadə edir. Azərbaycan üçün bu tərəfdaşlıq Qərb iqtisadi məkanına inteqrasiyanın, investisiyaların cəlb edilməsinin və beynəlxalq tranzit mövqeyinin gücləndirilməsinin əlavə imkanlarını yaradır. Böyük Britaniya üçün isə Azərbaycan enerji təhlükəsizliyi, Orta Dəhliz, regional sabitlik və yeni iqtisadi imkanlar baxımından mühüm tərəfdaşdır”.