Şəhid ailəsinə verilən Prezident təqaüdü dayandırıldı - Məhkəmə qərarı ləğv etdi

Birinci Qarabağ müharibəsi şəhidinin həyat yoldaşı Təranə Musayevaya (ad və soyad şərtidir - red.) təyin olunan Prezident təqaüdünün dayandırılması ilə bağlı qərar məhkəmə tərəfindən ləğv edilib.

Bu barədə oxu.az-a onun vəkili Fərid Qasımov məlumat verib.

Vəkilin sözlərinə görə, 1991-ci ildə həyat yoldaşı şəhid olan Təranə Musayevaya Prezident təqaüdü təyin edilib:

"Lakin 2025-ci ildə təqaüdün ödənişi əsassız olaraq dayandırılıb. Bundan sonra onun hüquqlarının bərpası üçün məhkəməyə müraciət edilib. Uzun müddət davam edən məhkəmə prosesinin yekununda Şəki İnzibati Məhkəməsinin qərarı ilə iddia tələbimiz təmin edilib və şəhid ailəsinə verilən müavinətin dayandırılması barədə qərar əsassız hesab olunub. Məhkəmənin qərarı ilə şəhid ailəsinə təyin edilmiş Prezident təqaüdünün dayandırılması barədə qərar ləğv olunub və ödənişlərin bərpasına qərar verilib".