Əmanət vergisi bankları silkələyə bilər: Kredit faizləri də ARTACAQ?

Azərbaycanda bank əmanətlərinin faiz gəlirlərinə tətbiq edilən vergi güzəştinin müddəti ilin sonunda başa çatır. 2027-ci ildən uzunmüddətli manat əmanətlərinin aylıq faiz gəlirlərinin 200 manatdan artıq hissəsi 10 faiz vergiyə cəlb olunacaq. Bu isə əmanətçilərin əldə etdiyi gəlirin azalması deməkdir. Bəs güzəştin uzadılmaması vətəndaşlara və bank sektoruna necə təsir göstərəcək? Bu dəyişiklik əhalinin banklara marağını azalda, əmanətçiləri pullarını banklardan geri çəkməyə sövq edə bilərmi?

Mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandıran iqtisadçı Razi Abasbəyli bildirdi ki, belə bir ehtimal var. Lakin bunun kütləvi şəkildə vəsaitlərin geri çəkilməsinə səbəb olacağını düşünmür:

"Bu qərarın təsiri əsasən üç istiqamətdə özünü göstərə bilər. Birinci növbədə, uzunmüddətli əmanətlərə maraq azalacaq. Xüsusilə yüksək məbləğli və uzun müddətə yerləşdirilən əmanətlərin sayında azalma ola bilər. Bəzi vətəndaşlar uzunmüddətli müqavilələr əvəzinə qısamüddətli depozitlərə üstünlük verəcəklər. Digər ehtimal isə əmanətçilərin daşınmaz əmlak, qiymətli kağızlar və başqa investisiya imkanları kimi alternativ maliyyə alətlərinə yönəlməsidir. Bu isə əlbəttə, bank sektorunun ziyanınadır".

R.Abasbəylinin sözlərinə görə, əmanətlərin azalması bankların kredit vermək imkanlarına da təsir göstərə bilər:

"Belə ki, depozit yığımları bankların kredit fəaliyyəti üçün ən vacib mənbələrdən biridir. Hazırda bankların ümumi öhdəliklərinin 76,4 faizi depozitlərdən formalaşır və həmin əmanətlərin təxminən 44 faizi fiziki şəxslərin payına düşür.

Əmanətlərin azalması bankların kredit təklif etmək imkanlarının zəifləməsi və ya təklif etdikləri kredit faizlərinin yüksəlməsi ilə nəticələnə bilər. Təbii ki, bu tendensiya arzuolunan deyil. Lakin güzəştin başa çatmasının kütləvi şəkildə ciddi problemlər yaradacağını düşünmürəm".

İqtisadçı qeyd etdi ki, aylıq faiz gəliri 200 manat olan əmanətçidən vergi tutulmayacaq:

"300 manat faiz gəliri əldə edən şəxs yalnız 100 manatlıq hissədən 10 faiz, yəni 10 manat vergi ödəyəcək. Aylıq faiz gəliri 500 manat olan əmanətçinin ödəyəcəyi vergi 30 manat, 1000 manat gəlir əldə edənin ödəyəcəyi vergi isə 80 manat olacaq.

Bu məbləğlər aylıq hesablamada az görünsə də, ümumilikdə əmanətçilərin illik gəlirlərinə mənfi təsir edəcək. Məsələn, aylıq 500 manat faiz gəliri əldə edən şəxs il ərzində 360 manat itirmiş olacaq. Vergi güzəştinin başa çatması bankların depozit portfelində də azalmaya səbəb ola bilər".

Onun fikrincə, ümumi öhdəliklərin 76,4 faizini təşkil edən depozitlərin təxminən 6 faiz azalması ehtimalı var:

"Nəzərə alsaq ki, bank sektorunun ümumi investisiya kapitalı 41 milyard manata yaxındır, belə bir geriləmə sektor üçün ciddi yük yarada bilər. Bu azalma özünü kredit faizlərində, kredit təkliflərinin həcminin aşağı düşməsində, bankların xərclərini optimallaşdırmaq istiqamətində atacağı addımlarda, o cümlədən işçi sayının azaldılmasında və ixtisarlarda göstərə bilər. Depozitlərdən vergi tutulması nəticəsində təxminən 5-6 faizlik azalma proqnozu bank sektoru üçün əlavə yük yaradacaq. Banklar bu risklərdən qorunmaq və yaranan itkiləri kompensasiya etmək üçün ya işçi ixtisarlarına gedəcək, ya xərclərini azaldacaq, ya da kredit faizlərini artıracaqlar. Bundan əlavə, kreditlər üzrə komissiya haqlarını yüksəltməklə də bu geriləməni kompensasiya etməyə çalışa bilərlər".

R.Abasbəyli əlavə etdi ki, ilkin mərhələdə banklardan depozitlərin kütləvi şəkildə geri çəkilməsi gözlənilmir:

"Bununla belə, banklara yeni depozit qoyuluşlarında geriləmə mütləqdir. Bu baş verəcək".