Həbsin günü gün yarım və ya iki gün hesablanır – Hansı ölkələrdə?…

Bəzi ölkələrdə cinayət törətməkdə şübhəli bilinərək məhkəməyədək istintaq təcridxanasında saxlanan şəxslərin həbsdə keçirdiyi müddət sonradan təyin olunan azadlıqdan məhrumetmə cəzasına adi qaydada deyil, artırılmış əmsalla hesablanır. Beləliklə, istintaq təcridxanasında keçirilən bir gün sonradan təyin olunan cəzanın hesablanmasında gün yarım, hətta iki günə bərabər tutula bilər.

Bu mexanizmin tətbiq olunduğu ölkələrdən biri Rusiyadır. Rusiya Cinayət Məcəlləsinin 72-ci maddəsi məhkəməyədək həbsdə saxlanma müddətinin gələcək cəzaya hansı əmsalla hesablanacağını müəyyən edir.

2018-ci ildə qanunvericiliyə edilən dəyişikliklərə əsasən, bir gün istintaq təcridxanasında saxlanma ümumi rejimli islah koloniyasında gün yarım, məskunlaşma koloniyasında (məskunlaşma koloniyası - Rusiyanın cəzaçəkmə sistemində nisbətən yüngül rejimli müəssisə növüdür) isə iki gün həbs cəzasına bərabər tutulur. Həbsxanalarda, ciddi və xüsusi rejimli islah koloniyalarında cəza çəkəcək şəxslər üçün isə bir gün elə bir gün hesablanır. Xüsusilə təhlükəli residivə görə məhkum olunanlara, eləcə də terrorçuluq və digər ağır cinayətlərə görə cəza alanlara da artırılmış əmsal şamil edilmir.

Beləliklə, Rusiyada hesablama əmsalı şəxsin hansı növ cəzaçəkmə müəssisəsinə göndərilməsindən və törətdiyi cinayətin xarakterindən asılıdır.

Oxşar mexanizm Kanadada da mövcuddur. Lakin bu ölkədə artırılmış hesablama avtomatik tətbiq edilmir. Kanada Cinayət Məcəlləsinin 719-cu maddəsinə görə, ümumi qayda istintaq təcridxanasında keçirilən bir günün bir gün həbs cəzası kimi hesablanmasıdır. Müstəsna hallar olduqda isə məhkəmə bir günü gün yarım hesab edə bilər.

Kanada Ali Məhkəməsinin 2014-cü ildə çıxardığı qərarda bu yanaşma izah olunub. Qərara əsasən, şəxsin məhkəməyədək həbsdə olduğu müddətdə vaxtından əvvəl azadlığa çıxmaq və şərti azad edilmək imkanlarından məhrum qalması artırılmış əmsalın tətbiqinə əsas verən hallardan biri ola bilər. Ona görə də məhkəmə konkret işin hallarını nəzərə alaraq bir gün həbsdə saxlanmanı gün yarım hesab edə bilər.

Cənubi Afrika Respublikasında da məhkəməyədək həbsdə saxlanma müddətinin cəzanın hesablanmasına təsirinə dair məhkəmə təcrübəsi var. Bu ölkədə də Kanadadakı kimi bir günün avtomatik olaraq artıq hesablanmasını nəzərdə tutan qanunvericilik norması yoxdur. Amma məhkəmələr hər bir işin hallarını ayrıca qiymətləndirib istintaq təcridxanasında saxlanma müddətini məhkəmə işlərində ikiqat hesablaya bilər.

Bu zaman təcridxanalarda saxlanan şəxslərin reabilitasiya və təhsil proqramlarından, vaxtından əvvəl azadlığa çıxmaq imkanlarından yararlana bilməməsi, yaxşı davranışa görə güzəştlər əldə etməməsi, istintaq təcridxanasında saxlanma şəraitinin cəzaçəkmə müəssisələrindən daha ağır olması kimi hallar mühüm rol oynayır.

Hazırda Ermənistanda da istintaq təcridxanasında keçirilən vaxtın həbs cəzasına hesablanması qaydasının dəyişdirilməsi təklifi müzakirə olunur. Parlament sədrinin müavini Aram Vardevanyan bir gün istintaq təcridxanasında saxlanmanın iki gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulması barədə qanun layihəsi irəli sürüb. Hökumət isə layihəni bir qədər düzəlişlə qəbul etmək təklifini verib. Hökumət bəyan edib ki, az ağır və orta ağır cinayətlərə görə məhkum olunan şəxslərin istintaq təcridxanasında keçirdiyi bir günlük həbs cəzası gün yarım kimi hesablansın, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunanlara isə bu güzəşt şamil edilməsin. Təkliflər hələ ki, parlamentin müzakirəsindədir.