SEPAH 18-ci “MQ1” PUA-nı vurduğunu açıqlayıb

Bir neçə saat öncə İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Qeşm adasının cənubunda ABŞ-yə məxsus daha 1 “MQ1” Pilotsuz Uçuş Aparatı vurulub.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

“1 ədəd MQ1 PUA-sı Qeşm adasının cənubunda SEPAH-ın yeni sistemi ilə vurularaq məhv edilib”, -deyə məlumatda bildirilib.

SEPAH bildirir ki, ABŞ və İsrailin İrana qarşı 40 günlük müharibəsi başa çatdıqdan sonra sözügedən MQ1 PUA-sı indiyə qədər vurulan və bu modeldən olan 18-ci PUA-dır.

Xatırladaq ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.