Britaniyanın nüfuzlu "The Economist" jurnalı 2027-ci ildə dünyada baş verə biləcək əsas siyasi, iqtisadi və texnoloji dəyişikliklərə həsr olunmuş "The World Ahead 2027" adlı xüsusi buraxılışının üz qabığını təqdim edib.
Üz qabığı rəssam Kleon Peterson tərəfindən hazırlanıb.
Sosial şəbəkələrdə artıq nəşrin təsvirlərindəki gizli mesajlar müzakirə edilir: qlobal maliyyə çöküşü, süni intellektin istifadəsi ilə miqyaslı kiberhücum, bank böhranı və əmanətlərin kütləvi şəkildə geri çəkilməsi.
Digər ehtimallar arasında Çinin Tayvana müdaxiləsi, Yaxın Şərqdə eskalasiya, Rusiyanın NATO ilə münaqişəsi, ABŞ və Avropada siyasi sarsıntılar, həmçinin ərzaq böhranı və kütləvi etirazlar yer alır.
Konspiroloqlar həmçinin qlobal izləmə, rəqəmsal valyutalara keçid və yeni dünya nizamının formalaşacağını proqnozlaşdırırlar.
Lakin bütün bunların nəşrin real proqnozları deyil, sadəcə olaraq internet istifadəçilərinin fərqli yozumları olduğu vurğulanır. /Musavat.com/