Sahibə Qafarova Səyyad Arana əsəbiləşdi: "Milli Məclis danışmaqxana deyil"

“Bu Milli Məclisdir, danışmaqxanadır”.

APA-ya istinadla, bunu deputat Səyyad Aran "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı deyib.

“Mənim haqqım 10 dəqiqədir. Hərə bir yandan gah 5 dəqiqə, gah da 3 dəqiqə deyir. Ay qardaş, danışmaq istəmirsən, danışma. Başqalarına niyə yol göstərirsən? Bu Milli Məclisdir, danışmaqxanadır! Senatda, parlamentlərdə danışığa sərhəd qoyulmur”, - Səyyad Aran qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova isə Milli Məclisin “danışmaqxana” adlandırılmasını düzgün saymayıb: “Birincisi, Milli Məclis danışmaqxana deyil. Xahiş edirəm, parlament etikası və leksikasından istifadə edin. Bu bir. İkincisi isə təklif olundu ki, reqlament 5 dəqiqə olsun. Səs çoxluğu ilə bu qəbul edildi. Siz gördünüz, bundan əvvəl İlham Məmmədov cümləsini qurtarmamışdı, dedim, əlavə bir neçə dəqiqə də verilsin. Mən onu sizə də verəcəm. Siz büdcə məsələsini yenə də ittihamdan başlayırsınız. Xahiş edirəm, buyurun, nə qədər istəyirsiniz, ürəyiniz nə qədər istəyir, danışın”.