Bu şəxslərə birdəfəlik yardım edilsin - TƏKLİF

“Mövcud qanunvericiliyə əsasən, dəfn üçün birdəfəlik müavinət müəyyən kateqoriyalara aid şəxslərin vəfatı zamanı ödənilir. Lakin pensiya və müvafiq sosial müavinət almayan, sosial sığorta sisteminin əhatə etmədiyi vətəndaşların vəfatı zamanı onların ailələri bu dəstəkdən yararlana bilmirlər”.

Bu barədə Milli Məclisin deputatı Günay Ağamalı parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı danışıb.

Deputat yaxınını itirən ailələr üçün mənəvi itki ilə yanaşı, dəfn xərcləridə ciddi maddi yük yaratdığını açıqlayıb və bununla bağlı təklif irəli sürüb:

“Xüsusilə aztəminatlı ailələrin belə hallarda sosial dəstəyə ehtiyacı daha çox olur. Bu baxımdan, dəfn üçün birdəfəlik müavinətin əhatə dairəsinin genişləndirilməsi, mövcud sosial təminat mexanizmlərindən kənarda qalan aztəminatlı ailələrin də bu dəstəkdən yararlanması imkanlarının nəzərdən keçirilməsini vacib hesab edirəm.

Hesab edirəm ki, aidiyyəti qurumlar tərəfindən məsələnin hüquqi və maliyyə imkanlarının araşdırılması, dövlət büdcəsinin imkanları çərçivəsində müvafiq təkliflərin nəzərdən keçirilməsi faydalı olardı”.