Bakı, 17 noyabr, AZƏRTAC Prezident İlham Əliyevin Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında iştirakı, keçirdiyi görüşlər və müxtəlif ölkələrin dövlət və hökumət başçılarının Azərbaycan Prezidenti ilə təmaslara maraq göstərməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu bir daha nümayiş etdirib. Görüşlərin məzmunu və müzakirə olunan məsələlərin təhlili göstərir ki, dünyada siyasi və iqtisadi qeyri-sabitliyin gücləndiyi bir şəraitdə Azərbaycanın beynəlxalq əməkdaşlıqda əhəmiyyəti artır.Bu barədə AZƏRTAC-a açıqlamasında siyasi elmlər doktoru, Milli Aviasiya Akademiyasının dosenti Elnur Kəlbizadə bildirib.Onun sözlərinə görə, Moldova Prezidenti Maya Sandu, Rumıniya Prezidenti Nikuşor Dan, Bolqarıstanın Baş naziri Rumen Radev, Yunanıstanın Baş naziri Kiriakos Miçotakis və Çexiyanın Baş naziri Andrey Babişlə görüşlərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunun yüksək qiymətləndirilməsi diqqət çəkib. Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə isə Azərbaycanın bu ölkəyə humanitar və enerji sahələrində göstərdiyi dəstək, eləcə də postmünaqişə dövründə əldə etdiyi bərpa və quruculuq təcrübəsi xüsusi vurğulanıb.“Azərbaycan hazırda Avropanın 10 ölkəsinin enerji təchizatında mühüm rol oynayır və qitənin dinamik inkişaf edən ölkələrindən biri olan Çexiyanın ən böyük neft təchizatçısına çevrilib. Rumıniya isə Xəzər-Qara dəniz əməkdaşlığının inkişafında Azərbaycanı əsas geosiyasi aktorlardan biri kimi görür və müdafiə sənayesi sahəsində əməkdaşlığı perspektivli istiqamət hesab edir.Zirvə Toplantısı çərçivəsində Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşü, eləcə də Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” Azərbaycanın beynəlxalq mövqeyi baxımından mühüm əhəmiyyət daşıyır. Bu sənəd göstərir ki, Avropa İttifaqı və Böyük Britaniya Azərbaycanı sadəcə əməkdaşlıq edilən tərəf kimi deyil, strateji tərəfdaş kimi qəbul edir”, - deyə ekspert qeyd edib. E.Kəlbizadə bildirib ki, Prezident İlham Əliyev dəyişən geosiyasi şəraitdə və ölkəmizə artan beynəlxalq maraq fonunda Azərbaycanın milli maraqlarının təmin olunmasına yönəlmiş siyasət həyata keçirir: “Ölkəmizin müxtəlif güc mərkəzləri ilə münasibətlərini inkişaf etdirməsi bu siyasətin mühüm istiqamətlərindəndir.2021-ci ilin iyununda Türkiyə ilə müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin, 2022-ci ilin fevralında Rusiya ilə Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin, 2023-cü ilin aprelində Çinlə hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın, 2026-cı ilin fevralında ABŞ ilə Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması, Dublin səfəri zamanı isə Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi Azərbaycanın xarici siyasət əlaqələrinin genişliyini göstərir”.Ekspert qeyd edib ki, Azərbaycan Mərkəzi Asiyanın Qazaxıstan, Qırğızıstan və Özbəkistan kimi ölkələri ilə müttəfiqlik sənədləri, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Macarıstan və Tacikistan da daxil olmaqla, 20-dən çox dövlətlə strateji tərəfdaşlıq sənədləri imzalayıb: “Bu münasibətlər ölkəmizin müxtəlif regionlarla siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığının inkişafına xidmət edir.Azərbaycanın beynəlxalq etimad qazanan tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi ona mürəkkəb beynəlxalq məsələlərin müzakirəsində, danışıqların təşkili və vasitəçilik təşəbbüslərində iştirak etmək üçün əlavə imkanlar yaradır. O, Azərbaycanın Avrasiya məkanında yerləşməsini və müxtəlif güc mərkəzlərinin maraqlarının kəsişməsində mühüm mövqeyə malik olmasını strateji üstünlük kimi qiymətləndirib”.Siyasi elmlər doktoru Azərbaycanı bu baxımdan İsveçrə ilə müqayisə edərək bildirib ki, ölkəmiz coğrafi mövqeyini, tranzit imkanlarını və beynəlxalq əməkdaşlıq potensialını üstünlüyə çevirə bilər: “İsveçrə Alp dağlarından keçən və Şimali Avropanı Cənubi Avropa ilə birləşdirən mühüm nəqliyyat marşrutlarından faydalandığı kimi, Azərbaycan da Mərkəzi Asiyadan Avropaya, Rusiyadan Körfəzə uzanan nəqliyyat və logistika dəhlizlərinin əhəmiyyətli hissəsində yerləşir”.Ekspert vurğulayıb ki, regionda rəqabət aparan geosiyasi güclər üçün bu marşrutların etibarlı və sabit tərəfdaşın nəzarətində olması mühüm əhəmiyyət daşıyır: “Bu baxımdan Azərbaycanın coğrafi mövqeyi və tranzit potensialı ölkənin beynəlxalq münasibətlər sistemindəki rolunu artıran amillərdəndir.Beynəlxalq münaqişələr şəraitində tərəflərin danışıqlar aparması, əsirlərin mübadiləsi və maliyyə əməliyyatlarını həyata keçirməsi üçün etibarlı və tərəfsiz məkanlara ehtiyac yaranır. Onun fikrincə, Azərbaycan belə təşəbbüslər üçün əlverişli platforma olmaq potensialına malikdir”.“Azərbaycanın nümayiş etdirdiyi mövqe passiv neytrallıq deyil. Ölkəmiz dünya siyasətində fəal müzakirəçi kimi çıxış edir. Azərbaycan artıq yalnız neft-qaz ehtiyatları ilə deyil, həm də geostrateji mövqeyi, tranzit imkanları və yaşıl enerji potensialı ilə tanınır. Bu resurslardan və mövcud geosiyasi şəraitdən istifadə etməklə ölkəmiz ortaq ünsiyyət məkanı yaratmaq, siyasi-diplomatik vasitəçilik imkanlarını genişləndirmək və beynəlxalq mövqeyini möhkəmləndirmək istiqamətində addımlar atır”, – deyə o bildirib.Siyasi elmlər doktoru qeyd edib ki, Azərbaycanın təbii sərvətləri və əlverişli coğrafi mövqeyi ilə yanaşı, ölkənin xarici siyasət strategiyası və diplomatik təcrübəsi də beynəlxalq münasibətlər sistemindəki mövqeyinə təsir göstərir. Onun fikrincə, dövlətlərin inkişafında siyasi liderlik, uzaqgörən strategiya və ardıcıl diplomatiya mühüm rol oynayır.E.Kəlbizadə XX əsrdə Ümummilli Lider Heydər Əliyevin, müasir dövrdə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi siyasi və diplomatik təcrübəni ölkənin dövlətçilik tarixinin mühüm mərhələsi kimi dəyərləndirib. Müxbir – Pərvanə Qafarova