Bakıda reklam agentliyinin direktoru xırda xuliqanlıqda təqsirli bilinərək 8 gün müddətinə inzibati qaydada həbs edilib.
Qaynarinfo-ya istinadən, qərar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində qəbul edilib.
1993-cü il təvəllüdlü, Gədəbəy rayonundan olan şəxs “Zen Agency” reklam agentliyinin direktoru Elvin Həsənovdur. O, Binəqədi rayonunda yerləşən “West Town” yaşayış kompleksində tanışı ilə mübahisə edərək ictimai asayişi pozmaqda ittiham olunub.
Məhkəmə materiallarına görə, tərəflər əvvəllər İT sahəsində birlikdə çalışıblar. Onların arasında pul və borc münasibətləri zəminində narazılıq yaranıb. Telefon danışığı zamanı problemi həll edə bilməyən şəxslər yaşayış binasının həyətində görüşüblər. Görüş zamanı mübahisə böyüyüb və tərəflər arasında sözlü qarşıdurma yaranıb.
Hadisə ilə bağlı zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə və polisə müraciət edərək hücuma məruz qaldığını və təhqir olunduğunu bildirib.
Polis araşdırması zamanı reklam agentliyinin direktorunun tanışına qarşı təhqiramiz ifadələr işlətdiyi və yaşayış kompleksinin ərazisində səs-küy saldığı müəyyən edilib.
Məhkəmə onun əməlini İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (xırda xuliqanlıq) maddəsi ilə tövsif edib. Nəticədə direktor 8 gün müddətinə inzibati qaydada həbs olunub. Həbs müddəti saxlanıldığı vaxtdan – saat 02:50-dən hesablanacaq.
Qeyd edək ki, “Zen Agency” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Həsənov Elvin Ellaz oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 64, mənzil 40-dır.