İran geri çəkilmir: "Tehran bu ölkəyə arxalanır"

İran Amerika Birləşmiş Ştatları (ABŞ) ilə danışıqların bərpası üçün irəli sürdüyü şərtlərdə israr edir. İran rəsmilərinin son açıqlamaları Tehranın Vaşinqtona ciddi güzəştlərə getməyə hazır olmadığını göstərir. İran tərəfi bildirir ki, danışıqların bərpası üçün ABŞ Tehranın şərtlərinə aydın cavab verməlidir. Vaşinqton isə İranın təklif etdiyi atəşkəs planını hələ qəbul etməyib.

Bəs İran hakimiyyəti bu qəti mövqeyində nəyə arxalanır? Tehran Vaşinqtonun genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək qərarı verməyəcəyinə əmindirmi?

Politoloq Sədrəddin Soltan Sfera.az-a açıqlamasında bildirib ki, İran rəsmilərinin son günlər ABŞ ilə bağlı verdikləri sərt açıqlamalar daha çox ritorik xarakter daşıyır:

“Son illərdə İranda iqtisadi vəziyyət getdikcə ağırlaşır. Gündəlik tələbat mallarının bahalaşması, işsizliyin artması və pensiyaların ödənilməməsi ölkə iqtisadiyyatının vəziyyətini göstərir. Yanacaq və qaz qıtlığı da əhali arasında narazılıq yaradır. Xüsusilə yanacaq qıtlığı, pensiyaların ödənilməməsi və işsizlik etiraz aksiyalarına səbəb olur. Tehran hakimiyyəti bu aksiyaların qarşısını almaq üçün cəmiyyətə müharibə apardığı və İranın maraqları məsələsində heç kimə güzəştə getmədiyi mesajını verir”.

Politoloqun sözlərinə görə, İranın arxalandığı əsas xarici qüvvə Çindir:

“Bu yaxınlarda İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada Çinlə imzalanmış sazişlərin icrasını gücləndirməyin vacibliyi vurğulanıb. Bu açıqlama İranla Çin arasında mövcud ticarət əlaqələrinin açıq və rəsmi şəkildə qurulması üçün yollar axtarıldığını göstərir. İran hakimiyyəti Rusiya və Şimali Koreyaya da arxalanır, həmçinin qaçaqmalçılıqdan yararlanır. İran həmin dövlətlərin yardımı və qaçaqmalçılıq hesabına iqtisadiyyatının tam çökməsinin qarşısını ala bilir. Bununla belə, ölkədə iqtisadi tənəzzül davam edir”.

Politoloq hərbi əməliyyatların bərpası ehtimalına da toxunub:

“İranla ABŞ arasında genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması ehtimalı azdır. Bununla belə, ABŞ-nin İranın ayrı-ayrı hərbi bazalarına zərbə endirməsi istisna olunmur. Tehranın ABŞ-nin regiondakı hərbi bazalarına və ya hərbi bölmələrinin yerləşdiyi ərazilərə hücum etməsi də mümkündür”.