Azərbaycanla birgə regionun nəqliyyat, infrastruktur və rəqəmsal sektorlarına cəlb edilməsi üzərində işləyirik.
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında bildirib.
"Əməkdaşlığımız yeni istiqamətləri də əhatə edir. Biz Azərbaycan şirkətlərinin Londonda ikili listinqini təşviq etmək məqsədilə London və Bakı fond birjalarının qarşılıqlı fəaliyyətinə dəstək veririk. Bundan əlavə, biz regionun nəqliyyat, infrastruktur və rəqəmsal sektorlarına Britaniya investisiyalarının cəlb edilməsi üzərində azərbaycanlı tərəfdaşlarla işləyirik", - səfir bildirib.
"Energetika sahəsi hələ də münasibətlərimizin əsası olaraq qalır və biz artıq üç onillikdir davam edən əməkdaşlığı inkişaf etdiririk. Biz "Xlinks" və "Green Energy Corridor Company" şirkətləri arasında Xəzər regionundan Avropa bazarına "təmiz enerji"nin tədarükünə yönəlmiş anlaşma memorandumunu alqışlayırıq. Biz bu işi dəstəkləyəcəyik", - D.Norman bildirib.
Səfir əlavə edib ki, bu yaxınlarda qəbul edilmiş Strateji tərəfdaşlıq haqqında saziş üç əsas istiqamətə əsaslanır: ticarət, investisiyalar və iqtisadi artım; innovasiyalar və təhsil; müdafiə və təhlükəsizlik: "Strateji tərəfdaşlıq ölkələrimiz arasında həm Britaniya, həm də Azərbaycan vətəndaşlarına və biznesinə fayda gətirəcək yeni iqtisadi əməkdaşlıq dövrnü açır".
Onun sözlərinə görə, strateji tərəfdaşlıq həmçinin Azərbaycanla təhsil və elm sahəsində əlaqələrin gücləndirilməsinə, o cümlədən süni intellektin və rəqəmsal transformasiyanın inkişafının sürətləndirilməsinə, insanların zəruri bacarıqlarla təmin edilməsinə və əsas sahələrdə gələcəyin iş yerlərinin yaradılmasına töhfə verəcək.
"Biz Ələt Azad İqtisadi Zonasında məlumatların emalı mərkəzlərinin müasir infrastrukturunun inkişafı məsələsində Britaniya şirkətləri ilə fəal əməkdaşlıq edirik. Britaniya və Azərbaycan arasında təhsil sahəsində möhkəm və daim inkişaf edən əlaqələr mövcuddur. Uzun illərdir ki, Böyük Britaniya Azərbaycanın dövlət təqaüdü alan tələbələr arasında ən populyar istiqamət olaraq qalır".
O qeyd edib ki, Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilən "Chevening" təqaüd proqramı azərbaycanlılara Britaniya universitetlərində magistr dərəcəsi almaq imkanı yaratmağa davam edir:
"Biz şadıq ki, 2027/2028-ci tədris ili üçün son yeddi ildə ən çox müraciət təqdim olunub. Tələbələrimiz, tədqiqatçılarımız, müəllimlərimiz və təhsil müəssisələrimiz arasındakı mövcud əlaqələri gücləndirməyə davam edirik".