Böyük Britaniya ilə Azərbaycan arasında hərbi təlim əməkdaşlığı indiyədək görünməmiş səviyyəyə çatıb.
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman mətbuat konfransında bildirib.
Səfir qeyd edib ki, tərəflər kibertəhlükəsizlik, əməliyyat imkanları və müdafiə sənayesi sahələrində də əlaqələri genişləndirirlər: “Bu il ilk birgə müdafiə kibertəlimi keçirilib. Tərəflər mövcud əməkdaşlıq çərçivəsində təlimləri davam etdirmək, Britaniyanın təcrübəsindən yararlanmaq və Azərbaycanın öz imkanlarının inkişafına dəstək vermək niyyətindədirlər”.
Diplomat əlavə edib ki, təhlükəsizlik sahəsində əlaqələr müdafiə ilə məhdudlaşmır: “Tərəflər narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və kibercinayətkarlıq da daxil olmaqla, ağır mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə də əməkdaşlıq edirlər”.