8 ildən sonra MÖHTƏŞƏM QAYIDIŞ – “Leyli və Məcnun” operası təqdim olundu / FOTOLAR

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Opera Studiyasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz əsəri “Leyli və Məcnun” operası təqdim olunub.

Tamaşa Azərbaycan opera sənətinin məşhur simalarından biri, Əməkdar artist Gülüstan Əliyevanın səhnə fəaliyyətinin 30 illiyinə həsr olunub. Uzun fasilədən sonra Gülüstan Əliyeva Leyli obrazı ilə sevənlərinin qarşısına çıxıb.

Gülüstan Əliyevanın 8 ildən sonra yenidən Leyli obrazı ilə qayıdışı həm sənətkarın yaradıcılıq yolunda xüsusi iz buraxıb, eyni zamanda Azərbaycan opera sənətinin sevənləri üçün əlamətdar mədəniyyət hadisəsi kimi qarşılanıb və alqışlarla müşayiət olunub.

Tamaşada Məcnun obrazını sevilən xanəndə, Əməkdar artist Elnur Zeynalov canlandırıb.

Sənətkarın özünəməxsus ifa üslubu, qeyri-adi səs tembri və mükəmməl səhnə təcəssümü ilə Məcnunu canlandırması tamaşaçılar tərəfindən böyük coşqu və maraqla qarşılanıb.

Leylinin atası rolunda Taleh Yahyayev, anası rolunda Afaq Ağayeva, Məcnunun atası rolunda Əməkdar artist Təyyar Bayramov, anası rolunda Humay Məmmədova çıxış ediblər.

İbn Salam obrazını Fuad Əzizzadə, Nofəli Əməkdar artist Cahangir Qurbanov, Zeydi Nəzər Bəylərov, Şeyxi isə Xəyal Hüseynov ifa edib.

Operanın dirijoru və xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Tamaşadan fotoları təqdim edirik: