ABŞ-dan Ukrayna ilə bağlı yeni addım: Uitkoff və Kuşner Berlinə gedir

ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və administrasiyanın nümayəndəsi Cared Kuşner noyabrın 19-da Berlində Ukrayna və Avropa ölkələrinin təmsilçiləri ilə görüş keçirəcəklər.

Bu barədə “Axios” portalı ABŞ administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, görüşdə Kiyev üçün təhlükəsizlik təminatları və Ukrayna iqtisadiyyatının bərpası planı müzakirə olunacaq.

Çoxtərəfli məsləhətləşmələr formatında keçiriləcək görüşdə müharibədən sonrakı vəziyyətin formalaşdırılması və maliyyə sabitliyi məsələlərinə də diqqət yetiriləcək.

Məlumata görə, Avropalı tərəfdaşlar da dialoqda iştirak etməyə hazır olduqlarını bildiriblər. Berlin görüşü bu istiqamətdə əvvəlki razılaşmaların nəzərə alınacağı bir sıra məsləhətləşmələrin tərkib hissəsi olacaq.