PAŞA Holding-in dəstəklədiyi startap Qazaxıstan bazarına çıxır

PAŞA Holding-in daxili “WeStart” proqramı çərçivəsində inkişaf edən startaplardan biri olan Park Hub Baku startapı Qazaxıstan bazarına çıxmaq üçün Almaty Hub-da həyata keçirilən Central Eurasia Market Entry (CEME) proqramına qoşulub.

2026-cı ilin iyun ayında Park Hub Baku İslam İnkişaf Bankı Qrupunun Bakıda təşkil etdiyi 5-ci Startaplar və İnnovasiya Pitch Müsabiqəsində üçüncü yeri tutaraq bürünc mükafat və 3 000 ABŞ dolları qazanıb. Layihə Supply Chain & Smart Cities istiqaməti üzrə Azərbaycandan daxil olan 220-dən çox müraciət arasında ən yaxşı nəticə göstərib.

Təsisçilərinin “parkinq üçün Netflix” adlandırdığı Park Hub şəhərin müxtəlif tərəfdaş parkinqlərindən vahid abunə vasitəsilə istifadə etməyə imkan verən B2B platformadır. Azərbaycanda şirkətlər bu xidməti əməkdaşları üçün əldə edə bilərlər.

Almatı yollarında hər gün 1 milyona qədər avtomobil hərəkət edir. Şəhər akimliyinin məlumatına görə, mərkəzdəki Almaty Parking şəbəkəsində isə cəmi təxminən 12 500 parkinq yeri mövcuddur.

“Parkinq iri şəhərlərin ən kəskin problemlərindən biridir və onun həlli hər zaman yeni yerlərin tikintisini tələb etmir. Çox vaxt mövcud parkinqlərdən daha səmərəli istifadə etmək kifayətdir. Bakıda artıq nəticələri görürük: xidmətə iri məkanlar qoşulub, tətbiqin istifadəçilərinin sayı isə 2 000-ə çatıb. İndi bu modeli Qazaxıstanda genişləndirmək istəyirik. Sıx nəqliyyat axını ilə seçilən Almatı bizim üçün növbəti məntiqli addımdır”, – deyə Park Hub-ın təsisçisi və baş icraçı direktoru (CEO) Orman Sultanlı bildirib.

Vahid Park Hub abunəliyi biznes mərkəzlərini, otelləri, ticarət mərkəzlərini və özəl parkinqləri vahid ekosistemdə birləşdirir. Nömrə tanıma kameraları vasitəsilə terminallardan və əlavə ödəniş əməliyyatlarından istifadə etmədən giriş-çıxış təmin olunur. Tətbiqdə boş parkinq yerlərini real vaxt rejimində izləmək və rezervasiya etmək mümkündür.

Son altı ay ərzində Park Hub Baku-nun tətbiqinə Crescent Mall, Dəniz Mall, Gənclik Mall, Marriott Boulevard, Dünyagöz, eləcə də müxtəlif biznes mərkəzləri və dövlət obyektləri qoşulub, qeydiyyatdan keçmiş istifadəçilərin sayı isə 2 000-ə çatıb.

Şirkət parkinq məkanlarının planlaşdırılması, nömrə tanıma kameralarının və baryerlərin quraşdırılması, proqram təminatı, yol nişanlanması və onlayn ödənişlərin qəbulu daxil olmaqla, 360° tam formatlı xidmətlər təqdim edir.

Park Hub-ın Qazaxıstan istiqamətinə şirkətin həmtəsisçisi və baş əməliyyat direktoru (COO) Samir Qədirov rəhbərlik edir. Hazırda Almatıda olan Samir Qədirov yerli bazarda fəaliyyətin qurulması və tərəfdaşlıqların yaradılması ilə bilavasitə məşğul olur. Şirkət Almatıda keçirilən 12 həftəlik CEME proqramı çərçivəsində yerli tərəfdaşlarla əlaqələr qurur və 2026-cı ilin IV rübünün sonunadək pilot layihəyə başlamağı planlaşdırır. 2027-ci ildə şirkət Almatının korporativ parkinq bazarında möhkəmlənməyi, daha sonra isə Özbəkistan və Türkiyə bazarlarına çıxmağı hədəfləyir.

Park Hub əməkdaşları üçün parkinq xidməti axtaran bütün şirkətlərlə əməkdaşlığa açıqdır. Şirkətlər ehtiyac duyduqları lokasiyaları komanda ilə bölüşə bilərlər. Layihə həmçinin parkinq sahiblərini, tərəfdaşları və investorları əməkdaşlığa dəvət edir.

Layihə haqqında ətraflı məlumat üçün parkhub.az saytına daxil ola və ya komanda ilə əlaqə saxlaya bilərsiniz: +994 99 851 55 29, [email protected].

CEME proqramı haqqında:

Central Eurasia Market Entry (CEME) Product-Market Fit və Scaling mərhələlərində olan texnoloji şirkətlərə Qazaxıstan bazarına çıxmaq, müştəri və tərəfdaşlar tapmaq, eləcə də pilot layihələrə başlamaq üçün dəstək göstərir.