Rusiya-Ukrayna müharibəsində cəbhə xəttindəki mövqe döyüşləri fonunda tərəflər arasında yeni və daha təhlükəli mərhələ – "körpü müharibəsi" başlayıb.
Dünən Ukrayna ordusu Rusiya üçün strateji və simvolik əhəmiyyət daşıyan Krım körpüsünə zərbə endirib.
Hücumdan sonra körpüdə hərəkət məhdudlaşıb.
Bu gün gecə saatlarına isə Rusiya ordusu Kiyevə kütləvi raket zərbələri endirib. Hücumların əsas hədəfi Kiyev körpüləri olub.
Qeyd edək ki, kommunikasiya xətlərinin hədəfə alınması hərbi əməliyyatların təkcə səngərlərdə deyil, arxa cəbhənin əsas təchizat arteriyaları uğrunda getdiyini açıq şəkildə göstərir.
Hərbi ekspertlərin ortaq qənaətinə görə, "körpü müharibəsi" cəbhə xəttindəki mövqe döyüşlərinin dalana dirəndiyi mərhələlərdə daha da intensivləşir. Tərəflər birbaşa toqquşmalardan əlavə, rəqibin arxa cəbhəsini — yəni döyüş meydanını qidalandıran əsas arteriyaları (körpüləri, dəmir yollarını və enerji qovşaqlarını) sıradan çıxarmaqla üstünlük qazanmağa çalışırlar.