Xankəndində vaxtilə- Qarabağ işğal altında ikən- Rusiyanın erməni mənşəli milyarderi, Putinin Ermənistana hazırkı Baş nazir N.Paşinyanın devirmək məqsədi ilə göndərilmiş oliqarx "desant"ı sayılan Samvel Karapetyanın maliyyə dəstəyi ilə qanunsuz olaraq inşa edilmiş xəstəxananın təcili yardım şöbəsinin İlham Əliyevin iştirakı ilə yeni funksional statusda istifadəyə verilməsi eyni günlərdə isə həmin milyarderin İrəvanda yenidən həbs olunması regionun siyasi gündəmində diqqətçəkən paralel yaradıb.
Moderator.az araşdırmasından Ermənistanın “Past” qəzeti bu iki hadisə arasında siyasi əlaqə görür. Lakin məsələnin Azərbaycan üçün daha maraqlı tərəfi var: Qarabağda erməni silahlı qüvvələrinin təchizatına yardım göstərməkdə ittiham olunan Karapetyan hələ 2021-ci ildə Azərbaycan tərəfindən cinayət məsuliyyətinə cəlb edilib və beynəlxalq axtarışa verilib.
Xankəndindəki xəstəxananın yeni həyatı...
Noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib.
Rəsmi məlumata görə, klinikada hazırda 70 stasionar çarpayı, o cümlədən 5 reanimasiya çarpayısı mövcuddur. Yeni istifadəyə verilən təcili yardım şöbəsində isə əlavə 19 çarpayı və 5 əməliyyat zalı yaradılıb. Tibb müəssisəsinin 2027-ci ilədək 230–250 əməkdaşın çalışacağı müasir klinikaya çevrilməsi nəzərdə tutulur.
Ermənistan mediasının məlumatına görə, söhbət vaxtilə Samvel Karapetyanın maliyyə dəstəyi ilə qanunsuz olaraq tikilmiş və təchiz edilmiş, onun valideynlərinin adını daşıyan keçmiş "respublika tibb mərkəzi"ndən gedir.
Beləliklə, vaxtilə erməni xeyriyyəçisinin vəsaiti hesabına yaradılmış tibb infrastrukturu hazırda Azərbaycan dövlətinin nəzarətində Qarabağ Universitetinin klinikası kimi fəaliyyət göstərir...
Ermənistan mətbuatı bu paraleli necə izah edir?..
Tert.am saytının 17 noyabr tarixli materialında “Past” qəzetinin “Nə üçün Əliyevin açılışı ilə Samvel Karapetyanın həbsi üst-üstə düşdü?” sərlövhəli yazısı dərc olunub. Erməni nəşri bu iki hadisəni simvolik baxımdan bir-birinə zidd proseslər kimi təqdim edir. Qəzetin fikrincə, Qarabağda erməni xeyriyyə vəsaitləri hesabına tikilmiş xəstəxananın Azərbaycan tərəfindən yeni statusda istifadəyə verilməsi erməni irsinin mənimsənilməsi və silinməsi kimi qiymətləndirilə bilər.
“Past”ın müəllifləri digər tərəfdən, həmin xəstəxananın tikintisinə vəsait ayırmış Karapetyanın İrəvanda həbsdə olmasını Ermənistanın suverenliyindən güzəştə gedilməsinə və Azərbaycanın diktə etdiyi siyasi gündəliyə qarşı çıxması ilə əlaqələndirirlər.
Qəzetin yazısında bu iki hadisə xarici təzyiqlə Ermənistan daxilindəki siyasi qərarların bir-birini tamamlaması kimi təqdim edilir. Müəlliflərin qənaətinə görə, regional yeni reallıqların qeyd-şərtsiz qəbuluna qarşı çıxan şəxslər hədəfə çevrilirlər. Əlbəttə, bu, Ermənistan mətbuatının siyasi qiymətləndirməsidir. Karapetyanın həbsinin məhz Azərbaycana qarşı mövqeyinə görə həyata keçirildiyini təsdiqləyən hüquqi fakt isə yoxdur...
Samvel Karapetyan Azərbaycanda hələ 2021-ci ildə beynəlxalq axtarışa verilib...
Məsələnin Azərbaycan üçün ən mühüm tərəfi isə Karapetyanın Qarabağdakı fəaliyyəti ilə bağlıdır. Azərbaycan Baş Prokurorluğunun 2021-ci ildə yaydığı rəsmi məlumata görə, “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Sarkisoviç Karapetyan, David Qalustyan və Ara Abramyan Ermənistan silahlı qüvvələrinin qanunsuz silahlandırılması və hərbi təchizatı ilə bağlı cinayət işində təqsirləndirilən şəxslər qismində cəlb ediliblər.
Baş Prokurorluğun məlumatında göstərilir ki, 2001–2021-ci illərdə Ermənistan silahlı qüvvələrinin təchiz edilməsi məqsədilə müxtəlif növ hərbi təyinatlı yüklərin qanunsuz əldə olunması və daşınması təşkil edilib.
Azərbaycan istintaqının versiyasına əsasən, bu fəaliyyət zamanı:
-İriçaplı odlu silahlar və döyüş sursatları qanunsuz əldə edilib;
-Hərbi təyinatlı partlayıcı maddələr və qurğular, o cümlədən raketlər tədarük olunub;
-Hərbi texnika və digər əsgəri ləvazimatların daşınması təşkil edilib;
-Hərbi yüklərin daşınmasında müxtəlif sərnişin təyyarələrindən istifadə olunub;
-Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus "İl-76 TD" yük təyyarəsi və Ara Abramyan tərəfindən alınmış "İlyuşin-76TD" təyyarəsi vasitəsilə daşımalar həyata keçirilib;
-Hərbi təyinatlı yüklərin Ermənistana, eləcə də Ermənistanın işğalı altında olmuş Azərbaycanın Qarabağ və ətraf rayonlarına qaçaq yollarla çatdırılması təşkil edilib.
Baş Prokurorluq bu əməllərlə bağlı cinayət işinin 28 aprel 2021-ci ildə başlanıldığını açıqlayıb.
Karapetyan Azərbaycan Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib:
100.1-ci maddə – təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama;
218.1-ci maddə – cinayətkar birlik yaratma;
228.3-cü maddə – mütəşəkkil dəstə tərəfindən qanunsuz silah və partlayıcı maddələr əldə etmə, saxlama və daşıma;
279.1-ci maddə – qanunsuz silahlı birləşmələr yaratma və onları hərbi vasitələrlə təchiz etmə;
206.4-cü maddə – mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq.
Azərbaycan Baş Prokurorluğunun açıqlamasına görə, Karapetyan barəsində həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarış elan edilib. Xarici ölkələrin müvafiq dövlət qurumlarına hüquqi yardım göstərilməsi ilə bağlı müraciətlər də göndərilib.
Beləliklə, Karapetyan barəsində Azərbaycanın cinayət işi onun Ermənistanda siyasi fəaliyyətə başlamasından xeyli əvvəl, Qarabağdakı hərbi təchizat fəaliyyəti ilə bağlı ittihamlar əsasında başlanıb.
Burada xüsusi vurğulamaq lazımdır ki, bunlar Azərbaycan istintaqının irəli sürdüyü ittihamlardır; Karapetyanın həmin əməllərə görə məhkəmə hökmü ilə təqsirli bilinməsi barədə məlumat yoxdur...
Putinin milyarder “desantı” və Ermənistanın daxili siyasi mübarizəsi...
Samvel Karapetyan Rusiyada böyük biznes imperiyası yaratmış “Taşir” şirkətlər qrupunun sahibidir. O, Rusiya biznes və siyasi dairələri ilə geniş əlaqələri olan rusiyalı erməni milyarder kimi tanınır. 2025-ci ilin iyununda Ermənistanın baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsi ətrafında yaranmış qarşıdurma fonunda Karapetyan həbs edilmişdi. Onun kilsəyə dəstək ifadə edən çıxışından sonra hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı ittiham irəli sürülmüşdü. Karapetyan isə ittihamları rədd edərək təqibinin siyasi motivli olduğunu bildirirdi.
2026-cı il noyabrın 4-də onun barəsində yeni cinayət işi üzrə təqib başladılıb. Ermənistan İstintaq Komitəsinin iddiasına görə, “Ermənistan Elektrik Şəbəkələri” şirkətinə 64,585 milyard dramdan artıq ziyan vurulması, mənimsəmə və çirkli pulların yuyulması halları araşdırılır. Noyabrın 5-də məhkəmə Karapetyanı bir aylıq həbsə göndərib.
Karapetyanın tərəfdarları onun həbsini siyasi təzyiq kimi qiymətləndirirlər. Ermənistan hakimiyyəti isə cinayət təqibinin hüquqi əsaslara söykəndiyini bildirir.
Onun Rusiyadakı biznes əlaqələri və Moskva ilə yaxınlığı Ermənistanın daxili siyasi mübarizəsində əlavə geo-siyasi çalar yaradır. Karapetyanın birbaşa Putinin tapşırığı ilə fəaliyyət göstərdiyini təsdiqləyən açıq sübut olmasa da, son illər Ermənistanda xeyli hissəsi onun bilavasitə rəhbəliyi və maliyyəsi ilə revanşist və rusiyapərəst müxalif qüvvələrin gördükləri işlərin məntiqi ardıcıllığı barəsində “Putinin milyarder desantı” ifadəsi işlətməyə əsas verir...
Üst-üstə düşən hadisələrin siyasi mesajı nədir?
Xankəndindəki klinikanın yeni Azərbaycan səhiyyə və təhsil sisteminə inteqrasiyası ilə Karapetyanın İrəvanda həbs edilməsi arasında birbaşa əlaqə olduğunu sübut edən fakt yoxdur. Ancaq hadisələrin simvolik mənzərəsi diqqətəlayiqdir. Bir tərəfdə vaxtilə Qarabağda erməni hərbi-siyasi və iqtisadi sisteminin mövcudluğu dövründə yaradılmış infrastruktur Azərbaycan dövlətinin nəzarətində yeni funksional təyinat alır. Digər tərəfdə həmin ərazilərin hərbi təchizatı ilə bağlı Azərbaycan tərəfindən illər əvvəl cinayət məsuliyyətinə cəlb edilmiş rusiyalı erməni milyarder Ermənistanın daxili siyasi mübarizəsinin mərkəzində qalır.
Ermənistan mətbuatı bu mənzərəni siyasi təzyiq və suverenlik məsələsi kimi təqdim edir. Azərbaycan baxımından isə əsas məqam Qarabağda baş vermiş qanunsuz hərbi təchizatın təşkilində ittiham olunan şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsidir.
Nəticə etibarilə, noyabrın ilk həftəsindəki bu hadisələr sadəcə iki təsadüfi xəbər deyil, Azərbaycan-Ermənistan münasibətlərinin, Qarabağdan sonrakı siyasi reallığın və Rusiyanın regiondakı təsir imkanlarının müzakirəsi baxımından diqqətçəkən mənzərə yaradır. Bütün hallarda Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan, Vitali Balasanyan, Samvel Babayan və s. Xocalı caniləri kimi, onlara maliyyə dəstəyi vermiş Samvel Karapetyan kimilər də Bakıda məhkəmə qarşısında cavab verməsinin təşkili Azərbaycan dövləti və xalqı üçün prioritetdir...
S.Laçın