Vaşinqton, 17 noyabr, AZƏRTAC Azərbaycanlı tələbələr 2027-ci ildən etibarən ABŞ-nin Oklahoma Dövlət Universitetində kənd təsərrüfatı və kənd təsərrüfatı iqtisadiyyatı ixtisasları üzrə təhsil almaq imkanı əldə edəcəklər.Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib. Nazirin sözlərinə görə, Oklahoma Dövlət Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında ikili təhsil proqramına dair müqavilə, həmçinin strateji tərəfdaşlıq sazişi imzalanıb.Məcnun Məmmədov qeyd edib ki, Oklahoma ştatında yerli kənd təsərrüfatı və iqtisadiyyat qurumlarının nümayəndələri ilə də görüşlər keçirilib. Görüşlər zamanı Azərbaycanla Oklahoma arasında kənd təsərrüfatı və iqtisadi əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.Nazir bildirib ki, səfər çərçivəsində ABŞ-nin ştat kənd təsərrüfatı nazirlərinin assosiasiyası ilə də görüş keçirilib. Tərəflər Azərbaycan və ABŞ-nin müvafiq assosiasiyaları arasında əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi, elmi-tədqiqat institutları arasında əlaqələrin qurulması, xüsusilə damazlıq heyvandarlığın inkişafı istiqamətində birgə fəaliyyət imkanlarını müzakirə ediblər. Məlahət Nəcəfova AZƏRTAC-ın xüsusi müxbiri Vaşinqton