İsrail Ordusu Qəzzada HƏMAS-ın yüksəkrütbəli komandirini öldürüb

İsrail Müdafiə Ordusu və Ümumi Təhlükəsizlik Xidməti Qəzza zolağının cənubuna endirilən zərbə nəticəsində HƏMAS-ın hərbi qanadının Rəfah briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb.

Bu barədə İsrail ordusunun məlumatında bildirilib.

Qeyd olunub ki, S.Əbu Yunis briqadanın əvvəlki komandiri Nael Əbu Obeydin sentyabrın 15-də öldürülməsindən sonra təxminən iki ay bu vəzifəni icra edib. O, daha əvvəl Rəfah briqadasının komandir müavini və Təl əs-Sultan taborunun komandiri olub.

Məlumata görə, S.Əbu Yunis İsrail vətəndaşlarına və hərbçilərinə qarşı hücumların təşkilinə rəhbərlik edib, həmçinin müharibədə zərər görmüş briqadanın və HƏMAS-ın döyüş qabiliyyətinin bərpası istiqamətində fəaliyyət göstərib.