Şotlandiyanın paytaxtı Edinburqda minlərlə insan süni intellekt sistemlərinə xidmət göstərəcək nəhəng məlumat mərkəzlərinin tikintisinə qarşı etiraz aksiyası keçirib.
Nümayişçilər şəhərin mərkəzində yerləşən məşhur “Royal Mile” küçəsindən yürüşə başlayaraq Şotlandiya parlamentinin binasına qədər irəliləyiblər.
Etirazlar ölkədə yeni məlumat mərkəzlərinin tikintisi ilə bağlı planların genişlənməsi fonunda baş verib.
Şotlandiya hökuməti dekabrın sonunadək yeni məlumat mərkəzlərinin yerləşdirilməsi, ətraf mühitə təsiri və enerji təminatı ilə bağlı yenilənmiş planlaşdırma tövsiyələrini dərc edəcəyini açıqlayıb.
Hazırda Şotlandiyanın ən böyük məlumat mərkəzi Şimali Lanarkşir bölgəsinin Erdrı şəhərində yerləşən və “DataVita” şirkətinə məxsus olan 12 meqavat gücündə obyektdir.
Lakin Damfris və Qallouey bölgəsindəki Çapelkross ərazisində planlaşdırılan yeni məlumat mərkəzinin gücü 1000 meqavata çata bilər. Layihə reallaşarsa, bu obyekt dünyanın ən böyük məlumat mərkəzlərindən birinə çevriləcək.
“The Times” qəzetinin məlumatına görə, Böyük Britaniyada təxminən 315 məlumat mərkəzi elektrik şəbəkəsinə qoşulmaq üçün növbə gözləyir.
Məlumat mərkəzlərinin sürətlə artması, xüsusilə onların enerji istehlakı və ətraf mühitə mümkün təsirləri Şotlandiyada narazılığa səbəb olur.