ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

ABŞ-nin bütün hava limanlarında təyyarələrin uçuşunun dörd saat müddətinə qadağan edilməsinə səbəb Federal Aviasiya Administrasiyasının (FAA) obyektlərindən birində mis kabellərin optik lifli kabellərlə əvəzlənməsi zamanı aparılan işlər olub.

Bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi "The Wall Street Journal" (WSJ) qəzetinə açıqlamasında bildirib.

O, baş verənlərə görə podratçı şirkət "L3Harris"i məsul tutub. Nazir şirkətin ya nasaz marşrutlaşdırıcı quraşdırdığını, ya da işini lazımi səviyyədə yerinə yetirmədiyini bildirib.

"İndi səriştəsizliyə yol verilib-verilmədiyini araşdırırıq. Açığını desəm, günahkarları məsuliyyətə cəlb etmək niyyətindəyik", - Daffi deyib.

Nazirin sözlərinə görə, "L3Harris"in cümə günü həyata keçirdiyi işlər planlı texniki xidmət xarakteri daşıyıb və ciddi problemlərə səbəb olmamalı idi. Lakin marşrutlaşdırıcı dəyişdirildikdən sonra cihaz uçuşların idarə edilməsi sisteminin digər qovşaqlarına fasiləsiz olaraq qoşulma sorğuları göndərməyə başlayıb. Bu sorğuların sayı hər 4-5 saniyədə təxminən 1 000-ə çatıb.

Nəticədə təyyarələrlə radioəlaqədə və radar məlumatlarının ötürülməsində nasazlıqlar yaranıb.

WSJ-nin məlumatına görə, "L3Harris" onilliklərdir FAA ilə əməkdaşlıq edir. Şirkət daxili araşdırmaya kömək etdiyini bildirib.

"L3Harris" ölkə üzrə uçuşların qadağan edilməsinə və bunun sərnişinlərə, aviaşirkətlərə, eləcə də hava hərəkətinin idarə edilməsinə təsirlərinə son dərəcə ciddi yanaşır", - şirkətin açıqlamasında qeyd olunub.