Bəzən böyük arzulara aparan yol çox kiçik yaşlardan başlayır. Uşaqlıqda cəmi 27 kiloqram çəkisi olan, anasının təkidi ilə cüdo zalına yollanan bir oğlan illər sonra Olimpiya çempionuna çevrildi. O, Pekində finala qədər bütün rəqiblərini məğlub etdi, həlledici görüşdə isə qələbəsini saniyələr ərzində rəsmiləşdirdi.
Moderator.az oxu.az-a istinadla Azərbaycan cüdo tarixinin ən parlaq simalarından biri, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədlinin həyat hekayəsini təqdim edir.
27 kiloqramlıq uşağın böyük arzusu
Elnur Məmmədli 1988-ci il iyunun 29-da Bakıda anadan olub. İki bacısı və bir qardaşı ilə böyüyən Elnur uşaqlıqda fiziki cəhətdən çox arıq olub. Onun çəkisi cəmi 27 kiloqram imiş.
Cüdoya gəlişi də təsadüfi olmayıb. Anası onun idmanla məşğul olmasını istəyib və səkkiz yaşlı Elnuru bu idman növünə yönəldib. Anasının Nazim Hüseynovun 1992-ci il Barselona Olimpiadasındakı qələbəsindən təsirlənməsi də bu seçimdə rol oynayıb.
Məmmədlinin ilk məşqçisi Yaşar Allahverdiyev olub. Elnur sonralar xatırlayıb ki, məşqçisi ona ilk gündən Olimpiya çempionu olacağını deyib. Bu fikir zamanla onun öz arzusuna çevrilib. Cüdo zalı isə balaca Elnur üçün ikinci ev olub.
Zədələrə baxmayaraq, zirvəyə doğru
Məmmədlinin yolu yalnız qələbələrdən ibarət olmayıb. O, 2005-ci ildə dizindən əməliyyat olunub. Zədədən sonra yenidən tatamiyə qayıtmağa çalışsa da, sağlamlıq problemləri karyerasına ciddi təsir göstərib. Hətta sonralar verdiyi müsahibədə səkkiz ay xəstəxanada qaldığını və uzun müddət hərəkətsiz olduğunu açıqlayıb.
Bütün bunlara baxmayaraq, Elnur geri dönməyi bacarıb. O, 2006-cı ildə Avropa çempionu olub, 2007-ci ildə isə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıb. Həmin nəticə ona Pekin Olimpiadasına vəsiqə qazandırıb.
Pekində yazılan tarix
2008-ci il avqustun 11-i Elnur Məmmədlinin və Azərbaycan idmanının tarixində xüsusi yer tutur. O, Pekin Olimpiadasında 73 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulub. Yarışa dünya reytinqinin lideri və dünya çempionatının gümüş mükafatçısı kimi qatılan cüdoçumuzun qarşısında böyük hədəf var idi.
Məmmədli finala qədər bütün rəqiblərini məğlub edərək həlledici görüşə yüksəlib. Burada onu bir il əvvəl dünya çempionatının finalında məğlub edən Cənubi Koreya təmsilçisi Van Ki-Çun gözləyirdi. Bu dəfə isə qalib azərbaycanlı cüdoçu olub. Məmmədli rəqibini ipponla məğlub edərək Olimpiya çempionu adını qazanıb. Beynəlxalq Cüdo Federasiyasının məlumatına görə, qızıl medal gətirən fənd cəmi bir neçə saniyə ərzində yerinə yetirilib.
Maraqlıdır ki, Elnur həmin gecə yuxuda çempion olduğunu gördüyünü danışıb. Səhər yuxudan oyananda isə otağındakı lövhəyə təbaşirlə "Olimpiya çempionu olacağam" yazıb. Sonra bu arzusunu digər idmançılarla da bölüşüb. Onun sözlərinə görə, ətrafındakılar bu qədər əminliklə danışmasına təəccübləniblər.
Bu qələbə ilə Məmmədli müstəqil Azərbaycanın cüdo üzrə ilk Olimpiya çempionu olub. O, Beynəlxalq Cüdo Federasiyasına müsahibəsində anasının ona daim inandığını, məhz onun sayəsində bu zirvəyə çatdığını vurğulayıb.
Qələbədən sonra gələn sınaqlar
Olimpiya qızılından sonra Məmmədlinin həyatında yeni mərhələ başlayıb. Ancaq zədələr onu rahat buraxmayıb. O, 2010-cu ildə yenidən beynəlxalq yarışlara qatılmağa başlayıb, 2011-ci ildə İstanbulda keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Həmin il Bakıda təşkil olunan Dünya Masters turnirində də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Elnur 2012-ci ildə London Olimpiadasında da iştirak edib. Lakin bu dəfə Pekindəki uğurunu təkrarlaya bilməyib. O, sonradan verdiyi müsahibədə həmin yarışdakı məğlubiyyətini hakim qərarı ilə əlaqələndirib. Zədələrin və uzunmüddətli müalicənin karyerasına təsir etdiyini də gizlətməyib.
Məmmədli 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında iştirak etmək istəsə də, həkimlər buna icazə verməyiblər. O, məşqlərə qayıtmağa çalışsa da, zədəsinin yenidən üzə çıxması bu arzusunu reallaşdırmasına mane olub. İdmançı müsahibəsində ölkəsində keçirilən belə böyük yarışda tatamiyə çıxa bilməməyin onun üçün məyusedici olduğunu söyləyib.
Tatamidən kənarda da cüdoya xidmət
Aktiv idman karyerasını başa vurduqdan sonra Elnur Məmmədli cüdodan uzaqlaşmayıb. O, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti kimi fəaliyyət göstərir, gənc idmançılarla təcrübəsini bölüşür.
Məmmədli bir vaxtlar anasının arzusu ilə başladığı idman növündə Azərbaycanın adını dünya zirvəsinə daşıyıb. Uşaqlıqda cəmi 27 kiloqram çəkisi olan həmin oğlan Pekində qızıl medal qazanaraq adını ölkəmizin Olimpiya tarixinə yazdırıb.
Onun hekayəsində ən yaddaqalan məqamlardan biri isə bəlkə də elə budur: Olimpiya finalından əvvəl lövhəyə yazdığı arzunu bir neçə saat sonra gerçəyə çevirib.