ABŞ İranın "İmam Hüseyn" hərbi bazasına zərbə endirdi?..- Müstəqil aparıcı mənbələr hələlik təsdiqləmir...

İranın cənubunda, Hörmüzqan əyalətinin Bəndər-Konq şəhərində partlayış səsləri eşidilib. Hadisənin "İmam Hüseyn" adlı hərbi baza yaxınlığında baş verdiyi bildirilir.

Noyabrın 14-də sosial şəbəkələrdə yayılan məlumatlara görə, şəhərdə güclü partlayış səsləri qeydə alınıb.

İran mənşəli farsdilli “WarRoom with Yashar” telegram-kanalının ilkin məlumatında partlayış səsinin İmam Hüseyn bazası istiqamətindən gəldiyi bildirilib. Digər açıq mənbələrdə isə Bəndər-Konq və qonşu Bəndər-Ləngə şəhərində iki güclü partlayışın eşidildiyi qeyd olunub.

İranın rəsmi "IRNA" xəbər agentliyi də Bəndər-Konq şəhərinin bəzi ərazilərində naməlum səslərin eşidildiyini təsdiqləyib. Agentliyin məlumatına görə, hadisənin səbəbi ilə bağlı məsul qurumlar hələlik açıqlama verməyiblər.

“WarRadar” monitorinq platforması da noyabrın 14-də Bəndər-Konq və Qeşm adası istiqamətində partlayış səsləri barədə məlumat yayıb. Platforma hadisəni təsdiqlənməmiş məlumat kimi qiymətləndirib.

Sosial şəbəkələrdə hadisənin ABŞ-nin hava zərbəsi ilə əlaqəli ola biləcəyi iddia edilsə də, Vaşinqtonun məhz İmam Hüseyn bazasını hədəfə alması barədə rəsmi açıqlama yoxdur. ABŞ, İsrail və digər beynəlxalq xəbər agentliklərinin məlumatlarında da bu konkret hücum müstəqil şəkildə təsdiqlənməyib.

İranın farsdilli telegram-kanallarında Bəndər-Konq üzərində tüstü qalxdığını göstərən görüntü yayımlanıb. Görüntünün məhz hərbi bazaya aid olduğu müəyyən edilməyib.

Hələlik partlayışların səbəbi, hərbi obyektə zərər dəyib-dəymədiyi və mümkün itkilər barədə məlumat yoxdur.

Qeyd edək ki, Bəndər-Konq şəhəri Hörmüzqan əyalətində yerləşir. Bu şəhəri Buşehr əyalətindəki Bəndər-Kəngan şəhəri ilə qarışdırmaq olmaz.

Onu da əlavə edək ki, hələ mart ayında yayılan xəbərlərdə İranın Yəzd əyalərtindəki qranit qayaların altında 500 metrdən çox dərinlikdə yerləşən "İmam Hüseyn" raket kompleksi haqda məlumat vermişdik(burada:). Yəni zərbə endirildiyi iddia edilən hərbi baza eyni adlı tamamilə başqa əyalətdəki fərqli bazadır..

Moderator.az hadisə ilə bağlı İran, ABŞ və digər beynəlxalq mənbələrdən yayılan məlumatları izləməyə davam edir.

S.Laçın