Hər gün eyni saatda yatmaq və yemək ağrıları azalda bilər – ARAŞDIRMA

ABŞ alimləri gündəlik həyat rejiminə əməl edən yaşlı insanların daha az fiziki ağrı və depressiya əlamətləri ilə qarşılaşdığını müəyyənləşdiriblər.

Bu barədə “ScienceDaily” Missuri Universitetində aparılan araşdırmaya istinadən məlumat yayıb.

Tədqiqatda 67 yaşlı şəxs iştirak edib. Onlardan 37-si yuxusuzluq problemindən əziyyət çəkib. Alimlər iştirakçıların yatmaq, oyanmaq, qidalanmaq və digər gündəlik fəaliyyətlərinin nə dərəcədə müntəzəm olduğunu araşdırıblar.

Nəticələr göstərib ki, sabit gündəlik rejimə əməl edən şəxslər yuxu keyfiyyətindən asılı olmayaraq daha az ağrı və depressiya əlamətləri bildiriblər. Tədqiqatçılar bunun orqanizmin bioloji saatı ilə əlaqəli ola biləcəyini düşünürlər.

Bununla belə, araşdırma gündəlik rejimin birbaşa ağrıları və ya depressiyanı azaltdığını sübut etmir. Nəticələrin dəqiqləşdirilməsi üçün daha geniş tədqiqatlara ehtiyac var. /Lent.az/