Sambo üzrə idman ustası başından güllələndi

Rusiyanın sambo üzrə çempionatının mükafatçısı Vatsilov Davudov Dağıstanda “Marakeş” banket zalının yaxınlığında baş verən atışma nəticəsində həlak olub.

Bu barədə “112” “Telegram” kanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, 31 yaşlı idmançı zalda keçirilən tədbirdə iştirak edirmiş. O, küçəyə çıxdığı zaman hərəkətdə olan qara rəngli “Toyota Camry” avtomobilindəki naməlum şəxslər ona atəş açıblar. Güllələrdən biri Davudovun başına dəyib.

Məlumata görə, idmançı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hücum edənlər hadisə yerindən qaçıblar. Avtomobilin axtarışa verildiyi bildirilir.

Davudov Rusiyanın idman ustası, 2016-cı ildə cüdo üzrə Avropa Kubokunun qalibi və 2023-cü ildə sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı olub.