Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto

Gələn il qeyri-neft-qaz sektorunun dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi son 20 ilin ən yüksək səviyyəsinə çatacaq. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb. 2027-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin (39 milyard 254 milyon manat) 39,4 faizi və ya 15 milyard 480 milyon manatı neft-qaz sektorunun, 60,6 faizi və ya 23 milyard 774 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür. Sənədə əsasən, son beş il ərzində dövlət büdcəsinin gəlirlərinin faktiki icra göstəricilərində qeyri-neft-qaz sektoru üzrə gəlirlərin xüsusi çəkisi 43,3 faizdən 51,9 faizə yüksəlib. 2027-ci ilin dövlət büdcəsinin gəlirlərinin proqnozlarında isə bu göstəricinin son iyirmi ilin ən yüksək həddinə - 60,6 faizə çatdırılması nəzərdə tutulur.