Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

“Bank Respublika” və “AccessBank”ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir.

Bu barədə beynəlxalq reytinq agentliyi Moody’s-in qiymətləndirməsində bildirilib.

Agentliyin proqnozuna əsasən, sövdələşmənin tamamlanmasından sonra banklar ilkin olaraq müstəqil fəaliyyətlərini davam etdirəcəklər. Daha sonra isə tənzimləyici tələblərə uyğun olaraq vahid strukturda birləşmə prosesi həyata keçiriləcək.

Moody’s hesab edir ki, bu əməliyyat “Bank Respublika”nın fəaliyyət miqyasını artırmaqla yanaşı, bazardakı mövqeyini də gücləndirəcək. Xüsusilə mikrobiznes, kiçik və orta sahibkarlıq seqmentlərində bankın rəqabət imkanlarının genişlənəcəyi gözlənilir.

Bununla belə, agentlik 2026-2027-ci illərdə “Bank Respublika”nın aktivlərinin keyfiyyətinə müəyyən təzyiq yarana biləcəyini proqnozlaşdırır. Buna səbəb “AccessBank”ın aktivlərinin yeni bankın kredit portfelinə daxil edilməsi və iki maliyyə institutunun kreditləşmə standartları arasındakı fərqlərdir.

Məlumata görə, 2025-ci ilin sonuna “AccessBank”ın problemli kreditlərinin ümumi kredit portfelində payı 7,4% olub. Müqayisə üçün, birləşmədən əvvəl 2026-cı ilin ortalarına “Bank Respublika”da bu göstərici 1,4% təşkil edib. Həmin bankda problemli kreditlərin ehtiyatlarla örtülmə səviyyəsi isə 109% olub.

Moody’s qısamüddətli inteqrasiya risklərinə baxmayaraq, uzunmüddətli dövrdə birləşmənin xərclərin optimallaşdırılması və sinerji effektinin əldə edilməsi baxımından müsbət nəticələr verə biləcəyini düşünür. Hər iki bankın oxşar biznes modelinə və mikrobiznes, KOB subyektləri, eləcə də fiziki şəxslərdən ibarət müştəri bazasına malik olması bu potensialı artırır.

Agentliyin gözləntisinə görə, birləşmədən sonra bankın maliyyələşməsində müştəri depozitlərinin rolu daha da artacaq. Növbəti 12-18 ay ərzində kreditləşmənin daha aşağı templə genişlənməsi likvidliyin lazımi səviyyədə qorunmasına şərait yaradacaq.

Moody’s “Bank Respublika”nın uzunmüddətli depozit reytinqləri üzrə proqnozunu mənfi qiymətləndirir. Bu isə yaxın 12-18 ayda reytinqlərin yüksəldilməsi ehtimalının aşağı olduğunu göstərir.

Bununla yanaşı, “AccessBank”ın uğurlu inteqrasiyası, xərclərə qənaət və kapital adekvatlığı ilə aktivlərin keyfiyyətinin dayanıqlı səviyyədə saxlanılması gəlirliliyin artmasına və proqnozun sabit istiqamətə dəyişməsinə imkan yarada bilər.

Qeyd edək ki, noyabrın əvvəlində “Bank Respublika” və “AccessBank” strateji sövdələşmənin başa çatdığını açıqlayıb. Əməliyyat çərçivəsində “Bank Respublika” “AccessBank”ın səhmlərinin 100%-ni əldə edib. “AccessBank”ın əvvəlki səhmdarları isə “Bank Respublika”nın yeni buraxılmış imtiyazlı səhmlərini əldə etməklə bankın səhmdarlarına çevriliblər.