Gələn həftə dünya siyasətinin üç əsas fiquru – ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin eyni masa arxasına əyləşə bilər. Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) forumu çərçivəsində Çinin Şençjen şəhərində keçirilməsi ehtimal olunan üçtərəfli görüşdə Ukrayna və İran münaqişələrindən tutmuş nüvə silahlarına nəzarətə və süni intellektə qədər bir sıra qlobal məsələlərin müzakirəsi gözlənilir.
Bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp və Putin belə bir görüşün keçirilməsində maraqlı olsalar da, Si Cinpin bu təşəbbüsə ehtiyatla yanaşır. Hazırda üç lider arasında mümkün təmasla bağlı danışıqlar davam edir. Lakin görüşün dəqiq formatı və gündəliyi hələ müəyyənləşməyib.
Əslində, hər üç liderin bu görüşdən gözləntiləri və siyasi hesablamaları fərqlidir.
Putin üçün əsas məqsəd Ukrayna müharibəsinin Moskvanın şərtləri əsasında başa çatdırılması istiqamətində yeni diplomatik imkan əldə etməkdir. Tramp isə özünü qlobal problemləri həll edən lider kimi təqdim etmək və tarixə düşəcək razılaşmaya imza atmaq istəyir. Xüsusilə üç ölkə arasında nüvə silahlarına nəzarət üzrə yeni sazişin əldə olunması onun üçün mühüm diplomatik nəticə ola bilər.
Si Cinpin isə belə bir görüşün mümkün nəticələrinə ehtiyatla yanaşır. Pekinin narahatlığı təkcə müzakirələrin formatı ilə bağlı deyil. Çin liderinin diplomatik üslubu əvvəlcədən hazırlanmış gündəliyə və ciddi protokola əsaslanır. Trampın isə daha çox improvizasiyaya üstünlük verməsi tərəflər arasında fikir ayrılığı yarada bilər.
Bundan başqa, nüvə silahlarına nəzarət məsələsi də Pekin üçün həssas mövzudur. Çinin nüvə arsenalı ABŞ və Rusiyanın arsenallarından xeyli kiçik olduğuna görə, belə bir sazişdə iştirakın hansı şərtlərlə mümkün olacağı sual doğurur.
“Yalta 2.0”: Ukraynanın taleyi böyük güclərin masasında həll edilə bilərmi?
Mümkün üçtərəfli görüş artıq 1945-ci ildə keçirilmiş Yalta Konfransı ilə müqayisə olunur. Həmin vaxt ABŞ, Böyük Britaniya və Sovet İttifaqının rəhbərləri müharibədən sonrakı dünya nizamını müzakirə etmiş, böyük dövlətlərin təsir dairələrinin formalaşmasında mühüm rol oynamışdılar.
İndi isə oxşar ssenarinin təkrarlanması ehtimalı beynəlxalq müzakirələrin mövzusuna çevrilib. Rusiya üçün belə bir görüşün özü Moskvanın ABŞ və Çinlə eyni geosiyasi müstəvidə çıxış edən güc kimi qəbul olunması baxımından əhəmiyyətlidir. Daha vacibi isə Putin bu platformadan Ukrayna müharibəsinin Rusiyanın maraqlarına uyğun həlli üçün istifadə etməyə çalışa bilər.
Lakin burada ciddi bir problem var: mümkün danışıqların əsas nəticələrindən təsirlənəcək Ukrayna və Tayvan kimi tərəflər həmin masada təmsil olunmaya bilər. Bu isə böyük dövlətlərin kiçik və orta dövlətlərin gələcəyini onların iştirakı olmadan müəyyənləşdirməsi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirir.
Maraqlıdır ki, 1945-ci il Yalta Konfransında iştirak etməyən Çin indi özü də belə bir formatın mümkün nəticələrinə ehtiyatla yanaşır. Pekin beynəlxalq münasibətlərdə kiçik dövlətlərin suverenliyini və maraqlarını müdafiə etdiyini bəyan etdiyi halda, üç böyük gücün qapalı danışıqlarının hansı siyasi mesaj verəcəyini də nəzərə almalıdır.
Ukrayna məsələsində Moskva ilə Pekinin mövqeləri fərqlənir
Son illərdə Rusiya ilə Çin arasında siyasi, iqtisadi və hərbi-texnoloji əməkdaşlıq genişlənib. Neft-qaz ticarəti və hərbi texnologiyalar sahəsində əlaqələrin dərinləşməsinə baxmayaraq, Ukrayna müharibəsinin üçtərəfli görüşün gündəliyinə daxil edilməsi məsələsində tərəflərin mövqeləri üst-üstə düşmür.
Məlumatlı mənbələrdən birinin və avropalı diplomatın sözlərinə görə, Moskva Ukrayna müharibəsinin müzakirəsini istəyir, Pekin isə bu məsələnin üçtərəfli danışıqların gündəliyinə salınmasına qarşı çıxır. Çin Ukrayna ilə bağlı müzakirələrin birbaşa Vaşinqton və Moskva arasında aparılmasına üstünlük verir.
ABŞ administrasiyasının rəsmisi də Trampın üçtərəfli görüşdə Ukrayna məsələsini qaldırmasının ehtimalının az olduğunu bildirib. Onun sözlərinə görə, bu format müharibənin müzakirəsi üçün uyğun deyil.
Nüvə sazişi əsas gündəmə çevrilə bilər
Mətbuatda yayılan məlumatlara əsasən, mümkün görüşün əsas istiqamətlərindən biri nüvə silahlarına nəzarət üzrə yeni və iddialı sazişin hazırlanması ola bilər. İran və Şimali Koreya ilə bağlı təhlükəsizlik məsələlərinin də müzakirə edilməsi istisna olunmur.
Bununla belə, Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsinin mümkün gündəlikdən çıxarıldığı bildirilir.
Beləliklə, Şençjendə baş tuta biləcək görüşün əhəmiyyəti təkcə üç liderin bir araya gəlməsi ilə məhdudlaşmır. Söhbət ABŞ, Rusiya və Çinin gələcək dünya nizamı, nüvə təhlükəsizliyi və regional münaqişələr ətrafında hansı ortaq məxrəcə gələ biləcəyindən gedir.
Hələlik “Yalta 2.0” adlandırılan bu diplomatik təşəbbüsün reallaşıb-reallaşmayacağı bəlli deyil. Ancaq görüş baş tutarsa, onun nəticələri yalnız üç ölkənin deyil, Ukraynadan Tayvana, Yaxın Şərqdən Avropaya qədər geniş coğrafiyanın siyasi gündəminə təsir göstərə bilər.