“O, guya gələn il uçota alınacaq əşya, heyvan, quş, yumurtalara və s. görə o biri ildən də başlayaraq vergi tutulacağı haqda xəbərlərin də şayiə olduğunu vurğulayıb və bunun əksinə, insanların xeyrinə olacağı, həmən uçotun əsasında hökumətin vəziyyəti ağır olanları müəyyənləşdirilərək onlara yardım edəcəyini nəzərə çatdırmaqla yanaşı bir təklifi barədə də danışıb...”
-3 CÜMLƏ İLƏ BİR TƏKLİF...-
Lenin adına Ayaqaltı kənd qalxozunun çobanı Qədimalı Özgəmalıyev redaksiyamıza müraciətində Nazirlər Qəbinetinin evdə, çöldə-bajada kimin canlı-cansız nəyi varsa, uçota alınması haqda son günlər verdiyi qərarı müsbət qarşıladığını qeyd edib və bir neçə konstruktiv də təklif irəli sürüb.
Qədimalı kişi bu ildən evlərdəki kompüter və telefonları, həyətdəki mal-qara, qoyun-keçi, onların yunu, qəzili və südlərinin, toyuq, hind toyuğu, qaz, ördək və s. quşların, onların yumurtalarının və s. uçota alınmasının guya o biri ildən onlara görə vergi tutulması ilə nəticələnəcəyi haqda xəbərlərin də şayiə olduğunu vurğulayıb və əksinə, bu işlərin insanların xeyrinə olacağı, həmən uçotun əsasında hökumətin vəziyyəti ağır olanları müəyyənləşdirərək onlara yardım edəcəyini nəzərə çatdırmaqla yanaşı bir təklifi barədə də danışıb:
“Amma yaxşı olar ki, hörmətli məmurlar əlimizdə olan cansız, həm də canlı: yeməli-içməli şeylərlə yanaşı, ağzımızdakı yeməkdən ötrü vacib olan dişlərimizin sayını da uçota alsınlar və bu minvalla hökumətimiz məni kimi 30 ildir dişlərini saldıra bilmədiklərindən 3-4 dişi qalanlara yardım etsin ki, biz də ildə bir neçə dəfə imkan düşəndə kəsdiyimiz qoyunların, toyuqların ətini dişləyib, çeynəyib yeyə bilək...”