2026-cı ilin oktyabr ayında Azərbaycanda gündəlik xam neft hasilatı 430 min barel təşkil edib. Bu göstərici sentyabr ayı ilə müqayisədə 10 min barel azdır.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) 2026-cı ilin noyabr ayı üzrə neft bazarına dair hesabatında bildirilib.
Hesabata əsasən, sentyabr ayında Azərbaycanda gündəlik xam neft hasilatı 440 min barel olduğu halda, oktyabrda bu göstərici 430 min barelə enib.
BEA-nın məlumatına görə, Azərbaycanın 2026-cı ilin oktyabr ayı üçün nəzərdə tutulan neft hasilatı hədəfi gündəlik 550 min barel olub. Beləliklə, faktiki hasilat müəyyən edilmiş hədəfdən 120 min barel aşağı qeydə alınıb.
Hesabatda Azərbaycanın dayanıqlı neft hasilatı gücü gündəlik 440 min barel səviyyəsində qiymətləndirilib. Ölkənin effektiv əlavə hasilat potensialı isə gündəlik cəmi 10 min barel təşkil edib.
BEA-nın qiymətləndirməsinə görə, qlobal neft bazarında oktyabr ayında təklif əhəmiyyətli dərəcədə artıb. Belə ki, dünya üzrə neft təklifi əvvəlki ayla müqayisədə gündəlik 2,3 milyon barel artaraq 105,4 milyon barelə çatıb. Avqust ayından etibarən isə qlobal neft hasilatında ümumi artım 5,3 milyon barel təşkil edib.
Agentlik 2026-cı ildə qlobal neft təklifinin orta hesabla gündəlik 4,8 milyon barel azalacağını, 2027-ci ildə isə 6,6 milyon barel artaraq 108,1 milyon barelə çatacağını proqnozlaşdırır.
Tələbatla bağlı proqnozlara gəlincə, BEA 2026-cı ildə qlobal neft tələbatının gündəlik 2,7 milyon barel azalaraq 102,3 milyon barelə enəcəyini gözləyir. 2027-ci ildə isə tələbatın 2 milyon barel artacağı proqnozlaşdırılır.
Hesabatda qeyd olunur ki, yüksək yanacaq qiymətləri, nəqliyyat sektorunda elektrikləşmənin sürətlənməsi və avtomobillərin yanacaq səmərəliliyinin yüksəlməsi xüsusilə nəqliyyat yanacaqlarına tələbatın bərpasını məhdudlaşdıracaq.
BEA-nın qiymətləndirməsinə görə, qlobal neft bazarında 2026-cı ilin dördüncü rübündə təklif tələbi üstələməyə başlayacaq, 2027-ci ildə isə bazarda profisit daha da genişlənəcək. Bununla belə, enerji infrastrukturuna və tanker daşımalarına davam edən hücumlar neft təchizatının bərpası ilə bağlı riskləri qoruyub saxlayır.