Mingəçevir, 13 noyabr, AZƏRTAC Oyun çox gərgin keçdi. Şimali Makedoniya Balkan həndbol ənənələrinə malik ölkələrindən biridir. Onların həndbol məktəbi güclüdür. Buna görə də bizi çətin oyunun gözlədiyini bilirdik. Bunu AZƏRTAC-ın bölgə müxbirinə Avropa Kubokunun III turu çərçivəsində Şimali Makedoniyanın “Cair” komandasına 24:27 hesabı ilə məğlub olan Mingəçevirin qadın həndbolçulardan ibarət “Kür” komandasının baş məşqçisi Fuad Yanqildin bildirib. “Oyunda səhvlərimiz oldu. Çalışacağıq ki, həmin səhvləri təhlil edərək növbəti qarşılaşmada daha yaxşı nəticə göstərək. Cavab oyununda qalib gələrək mübarizəni növbəti mərhələdə davam etdirmək lazımdır. Həndbol elə bir idman növüdür ki, həm dünya, həm də Avropa səviyyəsində oyunlar sərt və rəqabətli keçir”, - deyə baş məşqçi sözlərinə əlavə edib. Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması noyabrın 15-də saat 17:00-da Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. Müxbir – Vüsalə Cənnətova