London, 13 noyabr, AZƏRTAC Bir ölkə düşünün ki, son illərdə beynəlxalq əhəmiyyətli bir çox mühüm tədbirə ev sahibliyi edir. Bir ölkə düşünün ki, dünyanın müxtəlif bölgələrində müharibələrin və geosiyasi qarşıdurmaların davam etdiyi, beynəlxalq münasibətlərin getdikcə mürəkkəbləşdiyi bir dövrdə, olduqca həssas və strateji baxımdan çətin coğrafi mövqedə yerləşməsinə baxmayaraq, müxtəlif dövlətlərlə münasibətlərini qoruyub saxlamağı və yeni tərəfdaşlıqlar qurmağı bacarır.Azərbaycan son illərdə dünya siyasətində getdikcə daha fəal rol oynayır, mühüm siyasi platformalarda təmsil olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və uzaqgörən xarici siyasət ölkənin beynəlxalq əlaqələrinin genişlənməsində, müxtəlif güc mərkəzləri ilə balanslaşdırılmış münasibətlərin qurulmasında və Azərbaycanın regionda strateji əhəmiyyətinin artmasında mühüm rol oynayır.Noyabrın 12-də Prezident İlham Əliyevin Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin Sammitində iştirakı da bunun növbəti bariz nümunəsi oldu. Dövlətimizin başçısı bir gün ərzində Ukrayna Prezidenti Volodimir Zelenski, Ermənistanın Baş naziri Nikol Paşinyan, Moldova Prezidenti Maya Sandu, Yunanıstanın Baş naziri Kiriakos Miçotakis, Rumıniya Prezidenti Nikuşor Dan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və digər dövlət və hökumət başçıları ilə görüşlər keçirdi. Bu görüşlərin hər biri Azərbaycanın Avropa siyasi məkanında artan fəallığının, beynəlxalq dialoq və əməkdaşlıq proseslərində tutduğu mövqeyinin göstəricisidir. Lakin Dublin Sammitinin Azərbaycan üçün ən mühüm nəticələrindən biri Böyük Britaniya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində rəsmiləşdirilməsi oldu.Prezident İlham Əliyevlə Böyük Britaniyanın Baş naziri Endi Börnhem arasında keçirilən görüş və Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi iki ölkənin münasibətlərində mühüm siyasi hadisədir.Bu sənədin əhəmiyyətini yalnız diplomatik münasibətlərin inkişafı çərçivəsində qiymətləndirmək doğru olmaz. Söhbət dünyanın aparıcı siyasi, iqtisadi və hərbi güclərindən biri ilə Azərbaycanın əməkdaşlığının yeni, daha geniş və sistemli mərhələyə keçməsindən gedir.Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir, NATO-nun aparıcı dövlətləri sırasında yer alır, beynəlxalq maliyyə, ticarət və təhlükəsizlik sistemində mühüm təsir imkanlarına malikdir. Belə bir dövlətlə strateji tərəfdaşlığın dərinləşdirilməsi Azərbaycanın beynəlxalq siyasi mövqelərinin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.Ən mühüm məqam isə budur: Azərbaycan artıq yalnız enerji ehtiyatlarına görə maraq doğuran ölkə deyil. Bakı Avrasiyanın təhlükəsizlik, nəqliyyat, enerji və geoiqtisadi əməkdaşlıq sistemində əhəmiyyətli tərəfdaşa çevrilib.Azərbaycanla Böyük Britaniya arasında münasibətlərin möhkəm tarixi və iqtisadi əsasları var. Britaniya Azərbaycanın enerji sektorunun inkişafında mühüm rol oynayıb. Ölkəmizə yatırılmış böyükhəcmli investisiyalar, xüsusilə bp-nin iştirakı ilə həyata keçirilən neft-qaz layihələri iki dövlət arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın əsasını təşkil edib.Lakin yeni strateji tərəfdaşlığın fərqləndirici xüsusiyyəti münasibətlərin ənənəvi enerji əməkdaşlığından daha geniş sahələrə yayılmasıdır.Birgə Bəyannamə müdafiə və təhlükəsizlik, ticarət, investisiya, iqtisadi inkişaf, təhsil, innovasiya, süni intellekt, rəqəmsal transformasiya, bərpaolunan enerji, nəqliyyat və logistika kimi istiqamətləri əhatə edir.Bu sahələrin hər biri Azərbaycan üçün strateji əhəmiyyətə malikdir. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi ölkəmizin beynəlxalq təhlükəsizlik əlaqələrinin şaxələndirilməsinə, iqtisadi və texnoloji tərəfdaşlıq isə qeyri-neft sektorunun inkişafına, yeni investisiyaların cəlbinə və müasir texnologiyaların tətbiqinə əlavə imkanlar yarada bilər.Xüsusilə yaşıl enerji və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf prioritetləri ilə üst-üstə düşür.Digər mühüm istiqamət Orta Dəhlizdir.Dünya ticarət yollarının yenidən formalaşdığı, ənənəvi nəqliyyat marşrutlarının geosiyasi risklərlə üzləşdiyi indiki şəraitdə Azərbaycan Şərqlə Qərb arasında strateji nəqliyyat qovşağı kimi önə çıxır.Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Trans-Xəzər nəqliyyat marşrutu və digər infrastruktur layihələri Azərbaycanın regional tranzit imkanlarını genişləndirir. Böyük Britaniya ilə bu istiqamətdə əməkdaşlıq ölkəmizin nəqliyyat və logistika potensialının inkişafına, beynəlxalq ticarət sisteminə daha sıx inteqrasiyasına xidmət edə bilər.Birgə Bəyannamənin siyasi baxımdan ən mühüm tərəflərindən biri də dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsiplərinin təsdiqlənməsidir.Azərbaycan üçün bu müddəalar xüsusi əhəmiyyət daşıyır.Ölkəmiz 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə və 2023-cü ildə suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yeni siyasi reallıq yaradıb.Bu gün Azərbaycanın qarşısında duran əsas strateji vəzifələrdən biri həmin reallığın beynəlxalq siyasi müstəvidə möhkəmləndirilməsi, regionda davamlı sülhün təmin edilməsi və yaranmış imkanların iqtisadi inkişafa çevrilməsidir.Böyük Britaniya ilə strateji tərəfdaşlıq məhz bu baxımdan da mühüm əhəmiyyət daşıyır.Sənəddə Azərbaycanla Ermənistan arasında sülh prosesinin dəstəklənməsi və Vaşinqtonda əldə edilmiş razılaşmaların əhəmiyyətinin vurğulanması göstərir ki, Cənubi Qafqazda formalaşan yeni siyasi nizam Britaniya ilə əməkdaşlığın da gündəliyinə daxil olur.Bu, Azərbaycanın regionda yaratdığı yeni vəziyyətin beynəlxalq tərəfdaşlarla münasibətlərdə getdikcə daha mühüm yer tutduğunu göstərir.Burada Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas xüsusiyyətlərindən biri də aydın görünür.Azərbaycan böyük güclər arasında seçim etmək məcburiyyətində qalan ölkə deyil. Azərbaycan müxtəlif güc mərkəzləri ilə öz milli maraqları əsasında münasibətlər quran, müstəqil qərarlar qəbul edən dövlətdir. Bakı Türkiyə ilə müttəfiqlik münasibətlərini inkişaf etdirir, Avropa İttifaqı ilə əməkdaşlığını genişləndirir, Böyük Britaniya ilə strateji tərəfdaşlığını möhkəmləndirir, ABŞ, Çin və digər qlobal güclərlə qarşılıqlı maraqlara əsaslanan əlaqələr qurur.Bu siyasətin əsas üstünlüyü Azərbaycanın xarici münasibətlərini bir istiqamətdən asılı vəziyyətə salmaması, əksinə, fərqli siyasi və iqtisadi mərkəzlərlə əməkdaşlıq imkanlarını genişləndirməsidir.Mürəkkəb geosiyasi coğrafiyada yerləşən dövlət üçün belə siyasət yalnız diplomatik uğur deyil, həm də milli təhlükəsizliyin və siyasi müstəqilliyin mühüm təminatlarından biridir.Böyük Britaniya ilə münasibətlərin yeni səviyyəyə yüksəlməsi də məhz bu strateji xəttin davamıdır.Əlbəttə, hər bir beynəlxalq sənədin real əhəmiyyəti onun gələcəkdə hansı konkret nəticələr verməsi ilə ölçülür. Bu baxımdan Birgə Bəyannamədə hər il Strateji Tərəfdaşlıq görüşlərinin keçirilməsinin nəzərdə tutulması xüsusi əhəmiyyət kəsb edir.Bu mexanizm əməkdaşlığın yalnız siyasi bəyanatlarla məhdudlaşmamasına, qarşılıqlı öhdəliklərin və prioritetlərin mütəmadi qiymətləndirilməsinə, yeni layihələrin həyata keçirilməsinə imkan yaradacaq.Nəticə etibarilə Dublin Sammiti Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi baxımından mühüm diplomatik hadisə kimi qiymətləndirilə bilər.Prezident İlham Əliyevin Avropa liderləri ilə intensiv təmasları, Ermənistanın Baş naziri ilə dialoqu və Böyük Britaniya ilə strateji tərəfdaşlığın rəsmiləşdirilməsi bir daha göstərdi ki, Azərbaycan regional və beynəlxalq proseslərdə fəal iştirakını davam etdirir.Bu gün Azərbaycanın beynəlxalq əhəmiyyəti yalnız onun enerji resursları və coğrafi mövqeyi ilə müəyyənləşmir. Ölkəmizin siyasi sabitliyi, iqtisadi potensialı, nəqliyyat imkanları, müstəqil xarici siyasəti və regionda sülhün formalaşdırılmasında iştirakı da bu mövqeyi gücləndirən əsas amillərdir.Dublin Sammitinin və Azərbaycan–Britaniya strateji tərəfdaşlığının əsas siyasi mesajı da bundan ibarətdir.Azərbaycan beynəlxalq münasibətlərdə öz milli maraqlarını qoruyaraq yeni tərəfdaşlıqlar qurur, diplomatik imkanlarını genişləndirir və regional gücünü daha geniş beynəlxalq əməkdaşlıq imkanlarına çevirməyə çalışır.Böyük Britaniya ilə strateji tərəfdaşlıq bu siyasətin mühüm nəticələrindən biri, eyni zamanda gələcək inkişaf üçün yeni imkanlar açan hadisədir.Dəyişən dünya nizamında Azərbaycanın gücü təkcə qazandığı tarixi Qələbədə deyil, həm də həmin Qələbədən sonra yaranmış siyasi reallığı diplomatik, iqtisadi və strateji üstünlüklərə çevirmək bacarığındadır.Dublin Sammiti göstərdi ki, Azərbaycan yalnız regionun gələcəyi ilə bağlı qərarların müzakirə olunduğu məkanlarda iştirak etmir, həmin gələcəyin formalaşmasına da öz töhfəsini verir. Aytən Abbaslı AZƏRTAC-ın xüsusi müxbiri London