Bakı, 13 noyabr, AZƏRTAC Süni intellekt texnologiyalarının inkişafı və gündəlik həyatın müxtəlif sahələrində tətbiqi ilə bağlı əsas çağırışlardan biri hüquqi tənzimləmə, etik prinsiplər və məsuliyyət mexanizmlərinin müəyyən edilməsidir.AZƏRTAC xəbər verir ki, bunu bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən II Süni İntellekt Zirvəsi çərçivəsində təşkil olunan panel müzakirəsində deyib.Bəxtiyar Aslanbəyli bildirib ki, süni intellektin özünü problem kimi qiymətləndirmək düzgün yanaşma deyil: “Əsas məsələ bu texnologiyanın cəmiyyətə gətirdiyi dəyişikliklərin hansı qaydalar əsasında idarə olunmasıdır. Sosial medianın sürətlə yayılması zamanı hüquqi və sosial məsuliyyət məsələlərinin vaxtında tənzimlənməməsi bu gün müxtəlif sui-istifadə hallarına yol açıb”. O, saxta hesabların yaradılması, təhqir və dələduzluq kimi halları buna nümunə göstərib. BP rəsmisi hesab edir ki, süni intellektin tətbiqi zamanı oxşar boşluqların yaranmaması üçün qabaqlayıcı tənzimləmə mexanizmlərinin hazırlanması vacibdir.Süni intellektin iqtisadiyyat və sənaye üçün yaratdığı imkanlardan danışan B.Aslanbəyli neft-qaz sektorunda məlumatların təhlili prosesinin texnoloji inkişaf nəticəsində əhəmiyyətli dərəcədə sürətləndiyini diqqətə çatdırıb.Bəxtiyar Aslanbəyli qeyd edib ki, neft və qaz yataqlarının müəyyənləşdirilməsi üçün əvvəlcə seysmik tədqiqatlar aparılır, müxtəlif siqnallar vasitəsilə əldə olunan məlumatlar təhlil edilir və karbohidrogen ehtiyatlarının mövcudluğu ehtimalı qiymətləndirilir. Daha sonra bu ehtimallar kəşfiyyat quyularının qazılması ilə yoxlanılır. Vitse-prezident bildirib ki, əvvəllər bu məlumatların emalı və təhlili üçün superkompüterlərdən istifadə olunur, hesablamalar isə aylarla vaxt aparırdı. Məlumatlar Hyustona göndərilir və nəticələrin əldə olunması üçün üç-dörd ay gözləmək lazım gəlirdi. “İndi isə əvvəllər aylarla davam edən prosesləri daha qısa müddətdə həyata keçirə bilirik. Nəticədə daha az vaxt ərzində daha dəqiq məlumat əldə edir, resurslara çıxış imkanlarımızı genişləndirir və əlavə dəyər yaradırıq”, – deyə B.Aslanbəyli vurğulayıb.O əlavə edib ki, süni intellekt gələcəkdə sənaye proseslərinin avtomatlaşdırılmasını və əməliyyatların daha səmərəli həyata keçirilməsini sürətləndirə bilər. Müxbir - Pərvanə Qafarova Fotoqraf - Səfiyar Məcnun