Bakı, 13 noyabr, AZƏRTAC ABŞ-nin kommersiya xam neft ehtiyatları təxminən 5 milyon barel artıb.AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb.Bildirilir ki, ölkənin kommersiya xam neft ehtiyatları ötən həftə əvvəlki həftə ilə müqayisədə 4 milyon 700 min barel artaraq 414 milyon 400 min barelə çatıb. Bazar iştirakçıları ehtiyatların təxminən 600 min barel azalacağını proqnozlaşdırırdılar.Ölkənin kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları isə 2 milyon 600 min barel azalaraq 279 milyon 500 min barelə geriləyib. Hesabat dövründə ABŞ-nin benzin ehtiyatları da 1 milyon 800 min barel artaraq 210 milyon 800 min barel təşkil edib.ABŞ-də gündəlik xam neft hasilatı oktyabrın 31-dən noyabrın 6-dək olan həftə ərzində 10 min barel artaraq 14 milyon 13 min barelə yüksəlib. Eyni zamanda, ölkənin xam neft idxalı ötən həftə əvvəlki həftə ilə müqayisədə sutkada 325 min barel artaraq 6 milyon 698 min barelə çatıb. Xam neft ixracı isə sutkada 220 min barel azalaraq 3 milyon 455 min barel olub.EIA-nın noyabr ayına dair “Qısamüddətli Enerji Proqnozu” hesabatına əsasən, ABŞ-də gündəlik orta xam neft hasilatının bu il 13 milyon 860 min barel, gələn il isə 14 milyon 300 min barel səviyyəsində olacağı gözlənilir.