Bakı, 13 noyabr, AZƏRTAC Avropa ölkələrinin Azərbaycana marağının getdikcə artması ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, Prezident İlham Əliyevin yüksək şəxsi nüfuzu, eləcə də Azərbaycanın regional və qlobal məsələlərin həllində rolunun genişlənməsi ilə bilavasitə bağlıdır. Bu gün Azərbaycan yalnız regionun mühüm siyasi və iqtisadi aktoru deyil, həm də beynəlxalq təhlükəsizlik, enerji təchizatı, nəqliyyat-kommunikasiya və regional əməkdaşlıq məsələlərində əhəmiyyətli tərəfdaş kimi qəbul olunur.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.O qeyd edib ki, müasir beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb geosiyasi proseslər, yeni təhlükəsizlik çağırışları və iqtisadi münasibətlərin transformasiyası dövlətlər arasında əməkdaşlığın əhəmiyyətini daha da artırır. “Bu prosesdə Prezident İlham Əliyevin şəxsi diplomatik fəaliyyəti, siyasi uzaqgörənliyi və beynəlxalq səviyyədə nümayiş etdirdiyi prinsipial mövqe xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının müxtəlif ölkələrin liderləri ilə keçirdiyi görüşlər, beynəlxalq tədbirlərdə iştirakı və irəli sürdüyü təşəbbüslər Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir. Avropa dövlətlərinin Azərbaycana marağının artmasının əsas səbəblərindən biri ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı mühüm roldur. Azərbaycan uzun illərdir Avropanın enerji tərəfdaşlarından biri kimi çıxış edir. Azərbaycanın geostrateji mövqeyi də Avropa ölkələrinin diqqətini cəlb edən mühüm amillərdəndir. Ölkəmiz Şərq ilə Qərb, Şimal ilə Cənub arasında mühüm nəqliyyat və logistika qovşağı rolunu oynayır. Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi, dəmir yolu infrastrukturunun modernləşdirilməsi və beynəlxalq nəqliyyat əlaqələrinin gücləndirilməsi Azərbaycanın tranzit potensialını əhəmiyyətli dərəcədə artırır”, - deyə komitə sədri vurğulayıb. Arzu Nağıyev diqqətə çatdırıb ki, Azərbaycanın beynəlxalq siyasətdə artan rolunu şərtləndirən digər mühüm istiqamət regional təhlükəsizlik və sabitliyin təmin olunmasıdır: “Ölkəmiz Cənubi Qafqazda davamlı sülhün və əməkdaşlığın formalaşmasında maraqlı tərəf kimi çıxış edir. Azərbaycan regionda yeni iqtisadi və nəqliyyat əlaqələrinin qurulmasını, kommunikasiyaların açılmasını və qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafını dəstəkləyir. Avropa ölkələri ilə münasibətlər yalnız enerji və nəqliyyat sahələri ilə məhdudlaşmır. İqtisadiyyat, sənaye, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar, təhsil, humanitar və təhlükəsizlik sahələrində də geniş əməkdaşlıq imkanları mövcuddur”.O bildirib ki, Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyətlərindən biri müxtəlif güc mərkəzləri ilə balanslaşdırılmış və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasıdır. Ölkəmiz beynəlxalq tərəfdaşları ilə əməkdaşlıqda bərabərhüquqluluq, suverenliyə hörmət və milli maraqların qorunması prinsiplərini əsas götürür. Arzu Nağıyev əlavə edib ki, Avropa ölkələrinin Azərbaycana artan marağı təsadüfi proses deyil: “Bu, ölkəmizin beynəlxalq münasibətlər sistemində qazandığı mövqenin, həyata keçirilən uğurlu xarici siyasətin və Prezident İlham Əliyevin beynəlxalq səviyyədə artan nüfuzunun məntiqi nəticəsidir”.