Bakı, 13 noyabr, AZƏRTAC Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnham ilə Dublində keçirdiyi görüş və iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycan diplomatiyasının və beynəlxalq iqtisadi əlaqələrinin inkişafında mühüm hadisə kimi qiymətləndirilir. Bu sənəd Azərbaycan ilə Böyük Britaniya arasında uzun illər ərzində formalaşmış əməkdaşlığın yeni siyasi və institusional mərhələyə yüksəldilməsini ifadə edir. Bəyannamə təkcə ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından deyil, həm də Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, iqtisadi imkanlarının artırılması, regional təhlükəsizlik və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə deyib. O bildirib ki, Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin möhkəm tarixi və siyasi əsasları mövcuddur: “1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm rol oynayıb.Xüsusilə Azərbaycanın müstəqillik əldə etməsindən sonra Böyük Britaniya ölkəmizin iqtisadi inkişafında, enerji sektoruna xarici investisiyaların cəlb edilməsində və beynəlxalq iqtisadi əlaqələrinin genişləndirilməsində mühüm tərəfdaşlardan biri olub. Böyük Britaniyanın aparıcı enerji şirkəti bp-nin Azərbaycanda uzunmüddətli fəaliyyəti, Xəzər hövzəsinin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması istiqamətində həyata keçirilən layihələr bu əməkdaşlığın real nəticələridir-deyən akademik nəzərə çatdırdı ki, “Noyabrın 12-də imzalanmış yeni Bəyannamə isə mövcud əlaqələri daha geniş siyasi, iqtisadi, təhlükəsizlik, təhsil və texnoloji əməkdaşlıq çərçivəsində birləşdirir. Sənədin əsas xüsusiyyəti ondan ibarətdir ki, tərəflər münasibətləri qarşılıqlı hörmət, ortaq maraqlar və praktiki əməkdaşlıq prinsipləri əsasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək niyyətlərini rəsmiləşdiriblər”.Akademik əlavə edib ki, Prezident İlham Əliyevin Böyük Britaniyanın Baş naziri ilə görüşü Azərbaycanın Avropa dövlətləri ilə siyasi dialoqunun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir: “Böyük Britaniya beynəlxalq siyasi sistemdə, təhlükəsizlik məsələlərində və qlobal iqtisadi münasibətlərdə mühüm mövqeyə malik dövlətdir. Belə bir ölkə ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində rəsmiləşdirilməsi Azərbaycanın beynəlxalq əlaqələrinin şaxələndirilməsi və xarici siyasət imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bəyannamədə BMT Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət məsələlərinin xüsusi vurğulanması diqqətəlayiqdir. Bu müddəalar Azərbaycanın xarici siyasətində əsas yer tutan suverenlik və ərazi bütövlüyü prinsipləri ilə uzlaşır. Sənəddə 2025-ci il avqustun 8-də Vaşinqtonda qəbul edilmiş Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyətinin qeyd olunması, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların alqışlanması da xüsusi siyasi məna daşıyır. Böyük Britaniyanın regionda davamlı sülhün əldə olunması üçün ikitərəfli dialoqa dəstəyini təsdiqləməsi Azərbaycanın regional sülh və əməkdaşlıq gündəliyinin beynəlxalq müstəvidə müzakirə olunması baxımından əhəmiyyətlidir. Bununla yanaşı, Bəyannamədə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Buraya hərbi kadrların hazırlanması, institusional potensialın artırılması, müdafiə sənayesi üzrə əməkdaşlıq imkanlarının araşdırılması, hüquq-mühafizə orqanları arasında əlaqələrin gücləndirilməsi və sərhəd idarəçiliyi məsələləri daxildir. Bu istiqamətlər Azərbaycanın təhlükəsizlik sahəsində beynəlxalq tərəfdaşlarla təcrübə mübadiləsi aparmasına və müasir təhlükəsizlik çağırışlarına qarşı institusional imkanlarını inkişaf etdirməsinə şərait yaradır”.Deputat vurğulayıb ki, Bəyannamənin Azərbaycan üçün ən mühüm istiqamətlərindən biri iqtisadi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsidir: “Böyük Britaniya Azərbaycanın enerji sektorunda ən böyük Avropa investorudur. Prezident İlham Əliyevin görüş zamanı qeyd etdiyi kimi, iki ölkə arasında enerji sahəsində 30 ildən artıq uğurlu əməkdaşlıq təcrübəsi mövcuddur. Lakin müasir dövrdə Azərbaycan–Böyük Britaniya iqtisadi münasibətlərinin yalnız ənənəvi enerji sektoru ilə məhdudlaşması məqsədəuyğun deyil. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yüksək texnologiyaların tətbiqi və yeni investisiya mənbələrinin cəlb edilməsi qarşıda duran əsas vəzifələrdəndir. Birgə Bəyannamə üzrə ticarət və investisiya əlaqələrinin artırılması, bərpaolunan enerji layihələrinin inkişafı, nəqliyyat, logistika və infrastruktur sahələrində əməkdaşlıq, Orta Dəhlizin inkişafı, yaşıl maliyyələşdirmə və aşağı karbon texnologiyalarının tətbiqi, iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsi kimi istiqamətlər nəzərdə tutlub. Xüsusilə Britaniya şirkətlərinin maliyyə, konsaltinq, mühəndislik, infrastruktur və xidmət sektorlarında təcrübəsi Azərbaycanın iqtisadi modernləşmə prosesinə töhfə verə bilər. Azərbaycanın milli maraqları baxımından əsas hədəf bu əməkdaşlıq imkanlarından istifadə edərək ölkənin beynəlxalq mövqelərini, iqtisadi dayanıqlılığını və uzunmüddətli inkişaf potensialını daha da gücləndirməkdir. Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Dublində keçirilən 9-cu Zirvə Toplantısı çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnham ilə görüşü uğurlu və əlamətdar siyasi hadisədir”.