Bakı, 13 noyabr, AZƏRTAC Noyabrın 13-də Ümumdünya Xeyirxahlıq Günü qeyd olunur. Ümumdünya Xeyirxahlıq Hərəkatının birinci konfransı 1988-ci ilin məhz bu günü Tokioda keçirilib. AZƏRTAC-ın məlumatına görə, konfransda Avstraliya, Kanada, Yaponiya, Tailand, Sinqapur, Böyük Britaniya və ABŞ-nin nümayəndələri iştirak etmişdilər. Sonralar başqa ölkələr də bu hərəkata qoşulublar.İnsanlığı yaşadan, cəmiyyəti birləşdirən və insanlar arasında mənəvi bağları möhkəmləndirən ən ali keyfiyyətlərdən biri xeyirxahlıqdır. Mərhəmət, şəfqət, qarşılıqlı hörmət, anlayış və təmənnasız yardım kimi mənəvi dəyərləri özündə birləşdirən xeyirxahlıq insan münasibətlərinin sağlam təməlinin formalaşmasında mühüm rol oynayır. Hər il noyabrın 13-də qeyd olunan Ümumdünya Xeyirxahlıq Günü də məhz bu dəyərlərin təbliğinə, insanlar arasında yaxşılıq və yardımlaşma mədəniyyətinin gücləndirilməsinə xidmət edir. Bu gün ilk dəfə 1998-ci ildə Ümumdünya Xeyirxahlıq Hərəkatının təşəbbüsü ilə qeyd olunub. Günün əsas məqsədi cəmiyyətdə müsbət davranışları təşviq etmək, insanların diqqətini kiçik yaxşılıqların böyük mənəvi təsirinə yönəltməkdir. Xeyirxahlıq yalnız maddi yardım göstərməklə məhdudlaşmır. Çətin vəziyyətdə olan insana mənəvi dəstək vermək, yaşlılara qayğı göstərmək, uşaqlara diqqət ayırmaq, ehtiyacı olanlara əl uzatmaq, başqalarının hisslərinə hörmətlə yanaşmaq da bu anlayışın ayrılmaz tərkib hissəsidir. Xeyirxahlıq həm də cəmiyyətin gələcəyinə qoyulan mənəvi sərmayədir. Çünki yaxşılıq nümunələri insanları bir-birinə yaxınlaşdırır, qarşılıqlı etimadı artırır və daha mərhəmətli sosial mühitin yaranmasına şərait yaradır. Ümumdünya Xeyirxahlıq Günü hər kəsi gündəlik həyatında daha diqqətli, qayğıkeş və anlayışlı olmağa çağırır. Bu günün əsas mesajı sadə, lakin dərin məna daşıyır: yaxşılıq etmək üçün xüsusi fürsət gözləmək lazım deyil. Xeyirxahlıq hər gün, hər yerdə və hər bir insanın həyatında özünə yer tapa bilər. Çünki dünyanı dəyişdirən yalnız böyük hadisələr deyil, insanların bir-birinə göstərdiyi kiçik yaxşılıqlardır.